Heyvanlara qarşı münasibət insanın xarakteri, psixoloji vəziyyəti və keçmiş təcrübələri ilə birbaşa əlaqəlidir. Bəzi insanlar heyvanları şəfqət və sevgi ilə qəbul edərkən, digərləri onlara qarşı laqeyd, hətta neqativ münasibət göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bu fərqin kökündə uşaqlıq dövründə formalaşan emosional bağlılıq, empatiya qabiliyyəti və fərdi təcrübələr dayanır.
Psixoloqların fikrincə, heyvansevər insanlar adətən daha yüksək empatiya və mərhəmət hissinə sahib olurlar. Onlar heyvanları yalnız bir canlı kimi deyil, hiss və duyğulara malik varlıq kimi qəbul edirlər. Bunun əksinə olaraq, heyvanlara qarşı soyuq münasibət göstərən insanlarda qorxu, neqativ uşaqlıq təcrübələri və ya empatiya çatışmazlığı müşahidə edilə bilər.
Bəs bu fərqlər nədən qaynaqlanır və insanın psixologiyasına necə təsir edir?
Gundem.az xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov onlar bu davranışlarının əslində təbiətə olan münasibətlə bərabər olduğunu vurğuladı:
"Amma ki, kiminsə heyvanları sevib-sevməməsi şəxsin psixoportretini müəyyən etmir.
İnsanların digər canlılara münasibətini ailə formalaşdırır.
Belə ki, ailədə valideynlərin heyvanlara, bitkilərə münasibəti müsbətdirsə, bununla bağlı vərdiş yaradılıbsa, artıq o mühitdə formalaşan uşaqda da bu xüsusiyyətlər olacaq. Ancaq ailədə böyük fərdlərin canlılara qarşı heç bir fikri yoxdursa, bu heç də onun aqressiyasından irəli gəlmir.
Belə nəticəyə gəlmək olar ki, heyvanlara nə mənfi, nə də müsbət fikri olmayan şəxslər onları sahiblənməklə hər hansı bir xoş emosiyalara qapılacaqlarını ağıllarına gətirmirlər.
Heyvanlara qarşı aqressiyası olan insanların müxtəlif səbəbləri var. Heyvanların şəxsin özünə və ya doğmalarına hansısa aqressiv davranışı onun münasibətini yaradır. Ya travma yaranır, ya da hansısa canlıya qarşı xüsusi fobiyası formalaşır. Yəni münasibətlərini hər kəs fərdi formada müəyyənləşdirir. Aqressiv davranışı olan insanlar ətrafa yox, özünə də qarşı elə olur. İnsanın özünə münasibəti ətrafa münasibəti ilə özünü büruzə verir. Heyvanlara qarşı aqressiv davranan şəxslər özünə də qarşı eyni davranışı sərgiləyirlər.
Təbiəti nifrətlə tənzimləmək olmaz. İnsan təbiətə aiddir. Şüurumuzu təbiətdə bərabərlik uğrunda yaşamağa sərf etməliyik."