Prezident Donald Tramp Səudiyyə Ərəbistanında Rusiya-ABŞ danışıqlarını Ukrayna münaqişəsinin nizamlanması istiqamətində atılan böyük addım kimi qiymətləndirib.
Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.
Donald Tramp "Komandalarımız bu həftə Səudiyyə Ərəbistanında danışıqlara başladı" və "çox, çox yaxşı keçən" bu tarixi danışıqlara ev sahibliyi etdiyinə görə Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmana təşəkkür etdi.
Fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar olub, danışıqlar 4,5 saat davam edib. Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev təmsil ediblər. ABŞ tərəfini ABŞ dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi elçi Stiven Vitkoff təmsil ediblər.
Uşakovun sözlərinə görə, nümayəndə heyətləri müzakirə etməyi planlaşdırdıqları bütün məsələlər, o cümlədən iki ölkənin mövqelərinin yaxınlaşması və Ukrayna ilə bağlı təmaslar üzrə ciddi söhbət ediblər. Lavrov deyib ki, söhbət çox faydalı olub və tərəflər tezliklə səfirlərin təyin edilməsi barədə razılığa gəliblər. Dövlət Departamenti öz növbəsində bildirib ki, Lavrov və Rubio görüşdə Ukrayna üzrə danışıqlar qruplarının yaradılması və ümumi geosiyasi maraq doğuran məsələlər üzrə gələcək əməkdaşlığa dair razılığa gəliblər.
Aytəkin TOFİQQIZI