SpaceX şirkətinin sıradan çıxan Falcon 9 raketinin qalıqları Polşaya düşüb. Metbuat.az xəbər verir ki, Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılan raketin nəzarət altında atmosferə yenidən daxil olması və Sakit okeana düşməsi nəzərdə tutulurdu. Lakin nasazlıq səbəbindən bu mümkün olmayıb. Müəyyən edilib ki, qalıqlar Böyük Britaniya üzərindən saatda 27 min kilometr sürətlə keçib, daha sonra Skandinaviyadan keçərək saatda bir neçə yüz kilometr sürətlə Şərqi Avropaya düşüb. Bəzi qalıqların Ukraynaya da düşə biləcəyi bildirilir. Polşanın Komorniki şəhərindəki anbar sahibi Adam Borucki anbarının arxa hissəsində ölçüsü təxminən 1,5 metrə 1 metr olan yanmış çən tapıb. Dağıntıların anbara məxsus işıqlandırma sisteminə də ziyan vurduğu müəyyən edilib. Polşa polisi oxşar dağıntıların Viry kəndi yaxınlığındakı meşədə tapıldığını bildirib.