Son 5 ildə əmək müqavilələrinin sayının 458 min vahid artaraq 1,8 milyonu ötməsinə səbəb olub
Ölkəmizdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarına da öz müsbət təsirlərini göstərməkdədir. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu illə müqayisədə 458.110 vahid artaraq 1.860.025-ə çatıb. Əmək müqavilələrinin sayında ən çox artım ticarət sahəsində (29,6 faiz), ikinci xidmət (22,7 faiz), üçüncü sənaye (12,9 faiz) sektorunda qeydə alınıb. Maliyyə, rabitə, kənd təsərrüfatı və nəqliyyat sektorlarında 2,3 - 4,7 faiz aralığında artım müşahidə edilib.
Əmək müqavilələrinin sayında artımın baş verməsində biznesin iqtisadi fəallığının yüksəlməsi, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və digər islahat tədbirləri öz mühüm təsirlərini göstərib.
Rəsmi məşğulluğun təmin edilməsi sığorta yığımlarının yüksəlməsinə səbəb olub
Əmək müqavilələrinin artımı və rəsmi məşğulluğun təmin edilməsi ölkə üzrə sığorta yığımlarının da həcminin yüksəlməsinə səbəb olub. 2024-cü ildə muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağardılması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 273,5 milyon manat və ya 5 faiz artaraq 5 milyard 763 milyon manat təşkil edib. Büdcə təşkilatları üzrə daxilolma əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 146,4 milyon manat və ya 8,1 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 410,6 milyon manat və ya 12,1 faiz artıb.
Ümumilikdə, 2018-2024-cü illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 2,5 dəfə artaraq 2,3 milyard manatdan 5 milyard 752 milyon manata çatıb.
Aparılan sosial-iqtisadi islahatlar əməkhaqlarının, əmək müqavilələrinin sayının, əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin əhəmiyyətli şəkildə artması digər sosial seqmentlər üzrə yığımalarda da artımı təmin edib. Belə ki, 2024-cü ildə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 13,7 faiz artaraq 208,1 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9 faiz artaraq 156,9 milyon manat təşkil edib. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən il 2023-cü illə müqayisədə 8,6 faiz artaraq 1 milyard manatdan çox olub. Bu sahədə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 faiz artaraq 721,3 milyon manata çatıb.
ƏMAS hamını vahid elektron platformada birləşdirir
Əmək müqavilələrinin sayının artmasında əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı rəqəmsal alətlərin tətbiqi, o cümlədən e-qeydiyyat sistemi xüsusi rol oynamaqdadır. Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyat sistemi təxminən 5 ildən artıqdır ki, fəaliyyət göstərir. Sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, bu münasibətlərin dəqiq və əhatəli uçotunun aparılmasına, əmək bazarına çevik və obyektiv, səmərəli dövlət nəzarətini təmin etmək məqsədilə yaradılıb. Məqsəd ölkənin bütün muzdla çalışan əhalisini əhatə edən əmək müqavilələrinin elektron qeydiyyat sistemi vasitəsilə işçilərin əmək və gələcək layiqli pensiya təminatı üçün də etibarlı hüquqi əsas formalaşdırmaqdır.
2024-cü ilin avqust ayında “Əmək Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar əmək müqavilələrinin bağlanmasında kargüzarlıq sisteminin ləğvi və əmək münasibətlərinin yeni elektron infrastruktura inteqrasiyası bu prosesdə şəffaflığı daha da möhkəmləndirib. Belə ki, müvafiq elektron sistemdə “Əmək və məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verilməsi sayəsində əmək və məşğulluq sahəsində bütün məlumatlar vahid elektron platformada mərkəzləşdirilib. Nəticədə ƏMAS-ın tətbiqi rəqəmsal platformaya əsaslanmaqla kağız üzərində kadr inzibatçılığının tamamilə ləğvinə səbəb olub.
Beləliklə, əmək müqavilələrinin tamamilə elektronlaşdırılması əmək münasibətləri sistemində obyektivlik və çevikliyi artırmağa imkan verməkdə, müəssisə və təşkilatlar, özəl sektorda işçilərlə əmək müqaviləsinin saxtalaşdırılması hallarının aradan qaldırılmasında mühüm rol oynamaqdadır.
ELBRUS CƏFƏRLİ