Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.
Dövlətimizin başçısı əvvəlcə kənd sakinləri Məmməd Quliyev və Əvəz Orucovun evlərində yaradılan şəraitlə tanış olub, onlarla səmimi söhbət edib.
İlham Əliyev qeyd edib ki, Ballıca kəndi işğaldan sonra vərpa edilən 10-cu yaşayış məntəqəsidir. "Mənə verilən məlumata görə, artıq 460 keçmiş köçkün burada yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq. İndi 460 insan artıq bu kənddə yerləşib, şərait də yaxşıdır", - o bildirib.
Modern.az Prezidentin evlərində qonaq olduğu həmin sakinlərlə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Məmməd Quliyev bildirib ki, o, illərdir Prezidentin onun ailəsini ziyarət etməsini arzulayıb:
“Mənim üçün həyatımda olmayan bir gözəllik idi o. Ona görə ki, cənab Prezidentimiz 30 illik həsrətə son qoydu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 30 il əvvəl pis vəziyyətdə yurdumuzdan çıxıb getmişdik. Amma bu gün gülərüz öz yurdumuza qayıtmışıq. Mən həmişə yuxuda görürdüm ki, bir gün cənab Prezident bir gün bizim qonağımız ola bilər? Allah şükürlər olsun”.
Məmməd Quliyev deyib ki, bu gün öz dədə-baba torpağının üzərində yaşamaqdan qürur duyur:
“Ballıca kəndi bizim doğmaca torpağımızdır. Deyirlər ki, birinci anadır, ikinci torpaq. Torpaq olmasa, heç ana da olmaz. İnsan birinci yaşadığı torpağı sevməlidir. Torpaqdan gözəl dünyada nəsə var ki?! Bu gün ən qürurlu saniyələrdir. Çünki bu torpağın üzərində yaşayırıq”.
Digər kənd sakini Əvəz Orucov isə bunları deyib:
“Allah Prezidentimizə dəyməsin, onun canını sağ eləsin. Allahdan qazilərimziə şəfa, şəhidlərimizə rəhmət diləyirik. Mən bu kənddə yaşamışam. 1988-ci ildə Ballıcadan Xocalıya köçmüşük. Daha sonra oradan da köçdük. Allah Ali Baş Komandanımıza dəyməsin, onun qadasın alım. Dünən bizim evdə oldu, özünə də dedim ki, bizi bu torpaqlara qaytardı. Allah onu var eləsin. Ona həyatımız boyu minnətdarıq. Evimizə gəldi, dolanışığımızı filan soruşdu. Biz də işlə təmin olunduğumuzu dedik. Allah ona dəyməsin”.