Təhlükəsizlik qüvvələri fevralın 18-də günortadan sonra milli fəal Salar Tahir Əfşarı Urmiyədə, iş yerində həbs ediblər.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, təhlükəsizlik qüvvələri iki avtomobillə onun iş yerinə gələrək fəalı həbs ediblər. Həbs edildikdən sonra onun mobil telefonuna əlçatan olmayıb.
Bir neçə saat sonra Salar Tahir Əfşar Urmiyənin Kəşfiyyat İdarəsindən ailəsinə zəng edərək həbs olunduğunu və Təbriz Kəşfiyyat İdarəsinə köçürüləcəyini bildirib. Milli fəalın bacısı Sevda Tahir Əfşarın öx İnstagram səfifəsində paylaşdığı məlumata görə, Salar Tahir Əfşar anası ilə qısa telefon danışığında həbsinin səbəbindən xəbərsiz olduğunu və günahsız olduğunu deyib.
Tahir Əfşar ötən ilin fevralında da həbs edilərək dindirilmək üçün Evin həbsxanasına aparılmışdı. O, daha sonra müvəqqəti olaraq 800 milyon tümənlik girov müqabilində zaminə buraxılmışdı.Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsinin baxdığı iş çərçivəsində o, bir sıra milli fəalla birlikdə həbs cəzasına məhkum edilmiş və 5 il azadlıqdan məhrum olunmuşdu.
Onun son həbsinin səbəbləri ilə bağlı detallı məlumat yoxdur.
Bu azərbaycanlı fəal daha əvvəl də İranda azərbaycanlıların hüquqları ilə bağlı dinc fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təzyiqlərə məruz qalıb.
visiontv.az