AZ

“Biri 3 milyon alır, biri 300 min… Bu ədalətli deyil”

Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

Bütün futbol ictimaiyyətini maraqlandıran format və Premyer Liqada sonuncu pillə sahibinin aqibəti müəyyənləşdi.

İclasda qəbul olundu ki: Növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

Futbol idarəçiliyində kifayət qədər təcrübəsi olmuş, həmçinin hazırda II liqada çıxış edən “Dinamo”nun idarə heyətində yer alan Yaşar Seyidov “FutbolPress”ə açıqlama verərək, qəbul olunan qərarlarla bağlı fikirlərini bölüşdü:
“Premyer Liqada sonuncu pillənin sahibi I Liqaya yuvarlanacaq. PFL-in əsasnaməsinə əməl olunması sevindirici haldır. Çünki bundan öncəki illərdə də “Şamaxı” və “Qəbələ” idman prinsiplərinin qorunmasına görə elitanı tərk edib. Lakin burada bir önəmli məqam var. İK-nin iclasında deyilir ki, I Liqada ilk 3 yeri tutan komanda elitaya yüksələcək. Lakin deyilməliydi ki, ilk 3 yeri tutan və lisenziya şərtlərini yerinə yetirən komanda Premyer Liqaya yüksələcək. Yəqin ki, bu, yaddan çıxıb. Çünki bir neçə il öncə “Qaradağ Lökbatan” I Liqada çempion oldu, amma lisenziya şərtlərinə cavab vermədiyi üçün Premyer Liqaya yüksələ bilmədi.

Formata gəlincə, 3 dövrə və 33 turdan ibarət olması çox yaxşıdır. Xüsusən də bölgə klublarının elitaya gəlməsi futbol coğrafiyasını genişləndirəcək.
Qəbul edilən bu qərarlar çox sevindiricidir. Mən bunu alqışlayıram”.

Fəaliyyətini dayandıran “Bakı”nın sabiq vitse-prezidenti İK-də qəbul edilmiş: 2025/2026-cı illər mövsümündə Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək – qərarını düzgün hesab etmədiyini bildirdi:
“Diqqətimi yönəltmək istədiyim əsas məsələ 2025/26 mövsümü üçün qəbul edilmiş, Premyer Liqanın 11-cisiylə, I Liqanın 2-cisi arasında pley-off görüşünün keçirilməsidir. Əvvəlcə deyim ki, bu komandalara ayrılan maliyyə vəsaiti müqayisə olunacaq səviyyədə deyil. Biri 3 milyon alır, biri 300 min… Bu ədalətli deyil. Birinin heyətində 11 legioner olacaq, digərində 3. Necə tənzimlənəcək? Onsuz da bəri başdan bəllidir ki, Premyer Liqa 11-cisi qalib gələcək”.

– AFFA legioner limitinin ləğv edilməsinə görə kifayət qədər qınaq obyektinə çevrildi. Düşünürsünüzmü ki, qəbul edilən bu qərarlar rəhbərliyin günahını yudu?
– Elə düşünməzdim. Legioner limitinin ləğv edilməsiylə bağlı əsas söz sahibi Premyer Liqa komandalarının və milli komandanın baş məşqisidir. Bütün komandaların əsas məqsədi milli komandaya futbolçu verməkdir. Bu qərardan sonra isə nəyin yaxşı, nəyin pis olduğunu Fernando Santuş bildirməlidir.

Mirkamal Kazım

Seçilən
11
futbolpress.az

1Mənbələr