“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, bu məlumat media qrup tərəfindən sosial şəbəkədə paylaşılıb.
Məlumatın davamında aşağıdakılar bildirilir:
"Bu kiberhücumlarla əlaqədar hazırda "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.
Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.
Xüsusilə qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.
Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
***
"Global" Media Qrupuna haker hücumu olub
Musavat.com xəbər verir ki, media qrupuna daxil olan saytlara giriş məhdudlaşıb.
Report İnformasiya agentliyin əsas səhifəsində isə "Azərbaycan İslam Müqavimət hərəkatı", Hüseynçilər, "Tezliklə" sözləri yazılıb.
Onu da qeyd edək ki, Hüseynçilər — Azərbaycanı İslam Respublikasına çevirmək məqsədi daşıyan şiə islamçı antihökumət və terror təşkilatıdır. Təşkilat İran tərəfindən maliyyələşdirilir və dəstəklənir.
"Cebheinfo.az"