Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyevin İdman.biz-ə müsahibəsi
- Yığmamızın DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində yeganə qələbəsi Kosova üzərində olub. Bu qarşılaşmada millimizin şanslarını necə dəyərləndirirsiniz?
- Bu gün qrupun vacib oyunlarından birini keçirəcəyik. Fikrimcə, qələbə qazanmaq şansımız 50-nin 50-yədir.
- Sizcə, şansları bərabərləşdirən faktorlar hansılardır?
- Qrupdan ikinci olaraq çıxmaq şansımız var. Bunun üçün də əlimizdən gələni edəcəyik. Başa düşürük ki, səfər oyunu daha çətindir. Üstəlik, rəqibin də şansı olduğu üçün hər iki tərəf var qüvvəsi ilə mübarizə aparacaq. Güclü tərəf biz olmağa çalışacağıq. Hazırlıqları yekunlaşdırmışıq, tam heyətlə son məşqlərimizi də etmişik. Düşünürəm ki, hər şey yaxşı olacaq.
- Heyətə baxanda təcrübəli oyunçularla gənclərin sintezini görürük.
- Hətta deyərdim ki, təcrübəli oyunçular azdır, gənclərin sayı daha çoxdur. Ancaq gənclərin içərisində də milli komanda təcrübəsi olanlar var. Fikrimcə, bu matça mümkün ən yaxşı heyətlə çıxırıq.
- Çox güman, rəqibin oyunlarını analiz etmisiniz. Kapitan kimi ehtiyat etdiyiniz məqamlar hansılardır?
- Azarkeş faktoru. Evdə oynamalarından dolayı rəqibin qarşılaşmaya yüksək əhval-ruhiyyə ilə çıxmasından çəkinirik.
- Bunun qarşısını almaq üçün necə hansı taktikaya üstünlük verəcəksiz?
- Oyunun ilk dəqiqələrindən etibarən çalışacağıq onların əzmini qıraq. Sərt follar, yaxud da fərqli bir gedişatla bunu etməyə çalışacağıq. İstəmirik ki, bütün ipləri elə başdan ev sahibinin əlinə verək. Məncə, qarşılaşmanın əvvəlində bunu edə bilsək, sonadək oyunu başa-baş apara, qalib gələ bilərik.
Aytac Sahəd
İdman.biz