Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Bakı şəhərində Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının rəsmi bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada APA-ya üzv olan ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.
Bağlanış mərasimi çərçivəsində APA-nın müxtəlif daimi komitələrinin illik hesabatları müzakirəyə çıxarılıb və təsdiqlənib. Təqdim olunan hesabatlar arasında Sosial və mədəni məsələlər üzrə daimi komitə, Büdcə və planlaşdırma üzrə daimi komitə, İqtisadi və dayanıqlı inkişaf üzrə daimi komitə, Siyasi məsələlər üzrə daimi komitə kimi mühüm strukturların fəaliyyəti yer alıb. Hər bir komitə tərəfindən təqdim olunan hesabatlarda Asiya regionunda parlamentlərarası əməkdaşlığın inkişafı, iqtisadi və sosial sabitliyin gücləndirilməsi, büdcə planlaşdırılması və siyasi dialoqun dərinləşdirilməsi kimi mühüm məsələlərə toxunulub.
Bundan əlavə, sessiya çərçivəsində APA-nın 2025-ci il üzrə vitse-prezidentlərinin təsdiqlənməsi və 2026-2027-ci illər üçün APA prezidentliyinə namizədin irəli sürülməsi prosesi həyata keçirilib. Bu qərarlar Assambleyanın gələcək fəaliyyətinin səmərəli və ardıcıl şəkildə davam etdirilməsinə xidmət edir.
Plenar iclasda, həmçinin APA Nizamnaməsinə və İcraiyyə Şurasının tövsiyə etdiyi daxili qaydalara bir sıra dəyişikliklərin edilməsi məsələsi müzakirəyə çıxarılıb və yekdilliklə təsdiqlənib. Bu dəyişikliklər Assambleyanın fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və idarəetmə strukturunun daha da effektivləşdirilməsi məqsədi daşıyır.
Sessiya çərçivəsində digər mühüm məsələlərin müzakirəsindən sonra APA-nın 15-ci plenar iclası rəsmən bağlı elan edilib. Təşkilatın gələcək fəaliyyət planları çərçivəsində qəbul edilən qərarların Asiya regionunda sülh, sabitlik və inkişafın gücləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.