İhsan Doğramacı, Jak Şİrak, Viktor Yuşşenko, Sercio Mattarella... Bu, “Heydər Əliyev” almış şəxslərin tam olmayan siyahısıdır.
Yenisabah.az xəbər verir ki, bu gün İlham Əliyevin sərəncamı ilə sabiq baş nazir Artur Rasizadə bu ordenə layiq görülüb və siyahını 27 nəfərə çatdırıb.
“Heydər Əliyev” ordenininin yaranma tarixi 28 aprel 2005-ci ilə təsadüf edir. Bu tarixdə İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Azərbaycan Respublikasının ən yüksək dövlət mükafatı kimi təsis edilmiş "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir. 3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilib. Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır.
Nişanın hündürlüyü 67 mm, eni 67 mm-dir. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, 0,83 karatlıq 8 brilyant daşdan, 5,3 karatlıq 224 brilyant daşdan, 1,37 karatlıq 95 brilyant daşdan, 0,23 karatlıq 116 brilyant daşdan, 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.
Bəs bu mükafatlarla kimlər təltif olunub?
İndiyə qədər 27 nəfər və onlardan 2-si qadındır. 11 şəxs azərbaycanlı, qalanları isə müxtəlif ölkələrin dövlət və ictimai xadimləridir. Ordenlə təltif edilənlərdən 14 nəfəri təltif edilən zaman dövlət başçısı statusunda olub.
“Heydər Əliyev” ordeninə layiq görülən ilk şəxs Prezident İlham Əliyevdir (Onun statusuna görə). Daha sonra (2005) İhsan Doğramacı, (2007) Jak Şirak, (2007) Mstislav Rostropoviç, (2008) Viktor Yuşşenko, (2008) Tahir Salahov, (2009) Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, (2009) Lex Kaçinski, (2009) Valdis Zatlers, (2011) Trayan Besesku, (2011) Georgi Pırvanov, (2012)– Emoməli Rəhmon, (2013) Arif Məlikov, (2013) Abdullah Gül, (2013) Viktor Yanukoviç, (2014) Rəcəb Tayyib Ərdoğan, (2015) Mehriban Əliyeva, (2016) Aleksandr Lukaşenko, (2016) Zeynəb Xanlarova, (2017) Nursultan Nazarbayev, (2017) Ömər Eldarov, (2018) Sercio Mattarella, (2019) Xoşbəxt Yusifzadə, (2019) Allahşükür Paşazadə, (2019) Ramiz Mehdiyev, (2020) Polad Bülbüloğlu, nəhayət, (2025) Artur Rasizadə.
Nazim Hacıyev
Telegram kanalımız