AZ

“SABAH.city” innovasiya şəhərciyinin növbəti rezidenti - “Future Lab”

Ötən gün “PASHA Holding” tərəfindən təsis edilən “Future Lab” innovasiya laboratoriyası ilə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında niyyət protokolu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, niyyət protokolunu “Future Lab”ın baş icraçı direktoru Fərrux Əliyev və Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov imzalayıblar. Razılaşmaya əsasən, “Future Lab”  innovasiya laboratoriyası “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək və bu ekosistemin inkişafına innovativ texnologiyalarla töhfə verəcək.

Qeyd edək ki, “SABAH.city” innovasiya şəhərciyi Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında qurulacaq. Burada ali təhsil müəssisələrinin aparıcı proqramları, elmi-tədqiqat laboratoriyaları, özəl təhsil müəssisələri, innovativ şirkətlər, startaplar və innovasiya ekosisteminin digər oyunçuları bir məkanda cəmləşəcək.

“SABAH.city” layihəsinin məqsədi insan kapitalının inkişafına, elmi tədqiqatların kommersiyalaşdırılmasına, təhsil və sənaye arasında bilik transferi prosesinə, eləcə də bilik iqtisadiyyatında yeni iş yerlərinin yaradılmasına dəstək verməkdir. Bildirək ki şəhərciyin 20 hektar ərazidə inşa edilməsi planlaşdırılır və ilk fazasının açılışı 2026-cı ildə nəzərdə tutulur.

Yüksək Texnologiyalar Parkı və “SABAH.city” innovasiya şəhərciyinin fəaliyyəti ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün rəsmi sosial media kanallarını (feysbuk, linkedininstaqram) izləməyiniz tövsiyə edilir.




Seçilən
46
5
qafqazinfo.az

6Mənbələr