AZ

Sözün sərhədləri: mətbuatda etika və hüququn qovşağı

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Mətbuat azadlığı Azərbaycanın Konstitusiyası və beynəlxalq hüquq normaları ilə qorunsa da, bu sahədə hüquqi normaların pozulması halları tez-tez müşahidə olunur. Xüsusilə, jurnalistlərin diffamasiya, şəxsi həyata müdaxilə, yalan informasiya yayma və müəllif hüquqlarının pozulması kimi hüquqi problemlərlə üzləşməsi geniş müzakirə mövzusudur.

Bəs ölkə mediasında sözün sərhədləri necə müəyyən edilir?

Yadigar Məmmədli: Bu gün dünyada jurnalistlərin fəaliyyətinin sərhəd tanımır

Media eksperti Yadigar Məmmədli mövzunu Bakıvaxtı.az-a şərh edərkən qeyd edib ki, mətbuat işçiləri üçün ən vacib sənəd jurnalistlərin peşə qaydalarını əks etdirən kodekslərdir:

"Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də hər bir media orqanının öz əxlaq kodeksi olmalıdır. Bu kodekslər, hər bir jurnalistin diqqət etməli olduğu qaydaları müəyyənləşdirir və jurnalist bu sənədi imzalayaraq, qeyd edilən qaydalara riayət etməlidir. Bunun vacib olmasının əsas səbəbi, jurnalistlərin fəaliyyət sahəsinin çox geniş olmasıdır. Jurnalist cəmiyyətin maraqlandığı mövzuları işıqlandırmalı, şəxsi maraqlarına uyğun məsələlərə yer verməməlidir. Həqiqətən, jurnalist cəmiyyəti maarifləndirməli, ona vacib və faydalı informasiyaları təqdim etməlidir".

Ekspert əlavə edib ki, mətbuat nümayəndələri, həmçinin dövlətin təyin etdiyi qanunvericilik aktlarına da riayət etməlidir. Lakin ən önəmlisi, etik prinsiplərin əsas götürülməsidir. Jurnalistlər heç bir halda sərhədləri keçməməlidir, çünki şəxsi məsələlər və ictimai fiqurlarla bağlı mövzular xüsusi həssas yanaşma tələb edir.

"Bu gün dünyada jurnalistlərin fəaliyyəti sərhəd tanımır. Əksinə, media işçiləri mütləq şəkildə fərdi yanaşma nümayiş etdirməli, etik prinsipləri ön planda tutmalıdırlar. Jurnalistika davamlı inkişaf edir və cəmiyyət üçün əhəmiyyət kəsb etməyən məsələlərin işıqlandırılması halında isə araşdırma aparılmalıdır. Mətbuatın inkişafında bu amillər mühüm rol oynayır", - deyə Yadigar Məmmədli bildirib.

Ayxan Məmmədli: Saxta xəbərlər və dezinformasiya insanların düşüncə tərzini manipulyasiya edir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi fikir və ifadə azadlığını, 47-ci maddəsi isə söz azadlığını təmin edir:

"Eyni zamanda, “Media haqqında” qanun mətbuatın fəaliyyətini tənzimləyir. Bu qanuna əsasən, jurnalistlər informasiyanı sərbəst toplaya və yaya bilərlər, lakin bu, digər şəxslərin hüquqlarına zidd olmamalıdır. Yəni jurnalistlərin ifadə azadlığı hüquqları olsa da, bu hüquq digər şəxslərin məxfiliyinə, şərəf və ləyaqətinin qorunmasına, habelə milli təhlükəsizliyə və dövlət sirrinə zidd olmamalıdır. Bundan əlavə, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 10-cu maddəsinə qoşulub ki, bu da ifadə və mətbuat azadlığını təmin edən beynəlxalq norma kimi qəbul edilir. Konvensiyanın 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini azad ifadə etmək hüququna malikdir".

Hüquqşünasın sözlərinə görə, diffamasiya, yəni böhtan və təhqir, Azərbaycan qanunvericiliyində inzibati və cinayət məsuliyyəti daşıyan hallardan biridir. Müsahibimiz bildirib ki, Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə, böhtan – yəni yalan və şərəf ləkələyən məlumatların yayılması cinayət hesab edilir və bu, cərimə və ya azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. 148-ci maddə isə təhqiri nəzərdə tutur və buna görə də hüquqi məsuliyyət müəyyən edilib:

"Diffamasiya, yəni böhtan və təhqir, Azərbaycan qanunvericiliyində çox ciddi hüquqi məsuliyyətlərlə nəticələnir. Böhtan və təhqir, xüsusilə şəxsin şərəfini və ləyaqətini alçaltmağa, ictimaiyyət qarşısında onu nüfuzdan salmağa yönəldilmiş hərəkətlərdir. Azərbaycan Cinayət Məcəlləsində bu cür əməllər xüsusi olaraq cinayət hesab edilir və cəzalarla qarşılanır. Böhtanla bağlı cinayət baş verdikdə, təqsirkar şəxsə 200 manatdan 3000 manata qədər cərimə tətbiq oluna bilər və ya 2 ilə qədər azadlıqdan məhrum edilə bilər. Əgər böhtan daha ciddi nəticələrə, məsələn, şəxsin iş yerində və ya ictimai həyatında ciddi itkilərə səbəb olarsa, cəza müddəti artıra bilər".

Mütəxəssis bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, şəxsi həyatın toxunulmazlığı qorunur. Mülki Məcəllənin 102-ci maddəsinə əsasən, fərdi məlumatların qanunsuz yayılması və şəxsi həyata müdaxilə hüquq pozuntusudur. Jurnalistlər şəxsi informasiyanı yayarkən mütləq qarşı tərəfin razılığını almalıdırlar:

"Mülki Məcəllə, həmçinin, həmin şəxsin məlumatlarının qanunsuz yayılması nəticəsində ona vurulan zərərlərin mülki məsuliyyətini də nəzərdə tutur. Yəni, əgər şəxsi həyatın müdafiəsi pozulursa, bu, şəxsin hüquqları və mənafeləri üçün hüquqi zərər yaradır. Zərər çəkən şəxs mülki iddia qaldıra bilər və bu vəziyyətdə məlumatların yayılmasının qarşısı alınır, həmçinin hüquqi zərər ödənilir. Jurnalistlər və media nümayəndələri, şəxsi məlumatları yayarkən bu maddəyə ciddi şəkildə əməl etməlidirlər. Onlar məlumatın yayımlanmasından əvvəl şəxslərin yazılı razılığını almalılar. Əks halda, şəxsi həyatın pozulması hüquqi məsuliyyətə səbəb ola bilər".

Son illərdə saxta xəbərlər və dezinformasiyanın yayılması ciddi hüquqi problem kimi gündəmə gəlib. Ayxan Məmmədlinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə əsasən, ictimai təhlükə yaradan yalan məlumatların yayılması inzibati cəza ilə nəticələnə bilər. Xüsusilə pandemiya dövründə və münaqişə vəziyyətlərində dezinformasiyaya qarşı hüquqi tədbirlər sərtləşdirilib:

"Saxta xəbərlər və dezinformasiya insanların düşüncə tərzini, ictimai rəyini və siyasi prosesləri manipulyasiya etmək üçün çox effektiv vasitədir. Pandemiya dövrü və münaqişə vəziyyətlərində bu fenomenin təsirləri daha da güclənib. Xüsusilə, sosial şəbəkələr və internet platformaları, informasiya axınının sürətlə yayıldığı və nəzarət edilməsinin çətinləşdiyi mühitlərə çevrilib. Bu, saxta xəbərlərin cəmiyyətin hər təbəqəsinə sürətlə çatmasına və münaqişələr, böhranlar zamanı insanların psixologiyasına mənfi təsir etməsinə səbəb olur".

Beləliklə, bu nəticəyə gəlmək olar ki, mətbuatın hüquqi çərçivədə fəaliyyət göstərməsi demokratiyanın əsas prinsiplərindən biridir. Jurnalistlər qanunlara əməl etməklə cəmiyyətə doğru və balanslı informasiya təqdim etməli, eyni zamanda hüquq-mühafizə orqanları və məhkəmə sistemi də mətbuatın qanuni hüquqlarını təmin etməlidir. Diffamasiya qanunlarının yumşaldılması, jurnalistlərin hüquqi savadlılığının artırılması və etik jurnalistika standartlarının gücləndirilməsi mətbuat-hüquq münasibətlərinin sağlam şəkildə inkişafına töhfə verə bilər.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyininmaliyyə dəstəyilə hazırlanıb

Seçilən
14
bakivaxti.az

1Mənbələr