Sea Breeze

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı” layihəsi uğurla yekunlaşıb.

Layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarından olan 30 ingilis dili müəlliminə Udemy platforması vasitəsilə CELTA hazırlıq kursu təqdim edilib. İştirakçılar bu kurs sayəsində məktəblərində ingilis dili tədrisini təkmilləşdirmək üçün müasir metodikalarla tanış olub, yeni yanaşmalar mənimsəyib və CELTA sertifikatını əldə etməyə bir addım da yaxınlaşıblar. Eyni zamanda, müəllimlər arasında peşəkar şəbəkələşmə təmin edilib, təcrübə mübadiləsi təşviq olunub və innovativ pedaqoji yanaşmalar üzrə müzakirələr aparılıb.

Layihənin bağlanış mərasimi onlayn formatda baş tutub. Tədbirdə iştirak edən müəllimlər layihə və kursla bağlı müsbət təəssüratlarını bölüşüb, əldə etdikləri nailiyyətlər haqqında danışıblar. Həmçinin, layihənin ümumi gedişatı dəyərləndirilib və iştirakçıların rəy və təklifləri toplanıb.

Qeyd edək ki, “CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı” adlı layihə Bakı şəhəri C. Əskərov adına 50 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Vəfa Məmmədova tərəfindən “Gənc Xarici Dil Müəllimləri” Birliyi ilə tərəfdaşlıq çərçivəsində icra olunub. Layihənin əsas məqsədi region və kənd məktəblərində çalışan ingilis dili müəllimlərinin peşəkar inkişafına dəstək vermək, onların beynəlxalq səviyyədə tanınan CELTA sertifikatı üzrə biliklərini artırmaq və Azərbaycanın bölgələrində ingilis dili tədrisinin keyfiyyətini yüksəltməkdir.

Bu təşəbbüs sayəsində müəllimlər daha innovativ və interaktiv tədris metodlarını mənimsəyib, dərs prosesində yeni yanaşmaları tətbiq etməyə başlayıblar. Layihənin uğurla başa çatması region müəllimlərinin şagirdlərə daha effektiv və keyfiyyətli ingilis dili təhsili verməsinə şərait yaradır.

ETX
ETX
ETX