Fevralın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Syed Yusuf Raza Gilaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Operativ Media xəbər verir ki, qonağı və rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının Milli Məclisində salamlamaqdan məmnunluğunu ifadə edən spiker Sahibə Qafarova bildirib ki, bu səfər Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürüdür. Milli Məclisin sədri qonağa Asiya Parlament Assambleyasının (APA)15-ci plenar sessiyasında şəxsən iştirakına görə təşəkkürünü bildirib.
İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin xüsusi rolunu qeyd edən Milli Məclisin sədri Prezident İlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın Baş nazirlərinin Azərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolundan danışıb. Bildirilib ki, Pakistanın Baş naziri Şahbaz Şərif ölkəmizdə keçirilmiş COP29 konfransında iştirak edib və onun ölkəmizə növbəti səfərinin yaxın günlərdə baş tutması planlaşdırılır.