AZ

“Paşinyanın sülh ritorikası real addımlarla təsdiqlənmir”– ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsində referendumun vacibliyindən danışıb. O, sülh prosesindən və konstitusiya dəyişikliklərindən bəhs etsə də, bu sözlər indiyə qədər real addımlarla müşayiət olunmayıb.

Siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib ki, Paşinyanın ritorikasında ənənəvilik görmək mümkündür:

"Paşinyan illərdir sülhdən danışır, konstitusiya dəyişikliyindən bəhs edir, Ermənistanın demokratik prinsiplər üzərində inkişaf edəcəyini iddia edir. Ancaq müharibədən artıq beş il keçməsinə baxmayaraq, sülh istiqamətində real addımlar atılmayıb. Əksinə, Ermənistan tərəfi bu müddət ərzində müxtəlif bəhanələrlə danışıqları ləngidib, süni maneələr yaradıb və qeyri-konstruktiv mövqe sərgiləyib. Əgər Ermənistan doğrudan da sülh istəyirdisə, bu illər ərzində artıq yekun saziş imzalanmış olardı. Lakin biz hələ də görürük ki, rəsmi İrəvan sülhə doğru irəliləmək əvəzinə, ikili oyun oynayır", - deyə Kazım Kazımov qeyd edib.

Siyasi şərhçinin fikrincə, referendum mövzusunun qabardılması da Ermənistan hökumətinin siyasi manevrlərindən biridir:

"Paşinyan müəyyən dəyişikliklər etməli olduğunu anlayır, amma məsuliyyəti öz üzərinə götürmək istəmir. Buna görə də qərarları gecikdirir və referendum ideyasını ortaya atır. O, bununla həm daxili ictimaiyyəti sakitləşdirməyə, həm də beynəlxalq arenada zaman qazanmağa çalışır. Əgər bu məsələnin həlli üçün referendum vacibdirsə, o zaman niyə bu qədər gecikdirilir? Ermənistan rəhbərliyi əgər doğrudan da iradəlidirsə, əvvəlcə referendum keçirsin, sonra isə bəzəkli sözlərdən istifadə etsin. Əks halda, bu cür bəyanatlar sadəcə siyasi manipulyasiya vasitəsidir".

Kazım Kazımov vurğulayıb ki, Paşinyanın ritorikasında qərarsızlıq və qeyri-müəyyənlik hiss olunur:

"Ermənistan hökuməti bu gün gah sülhdən danışır, gah da təxribatçı addımlar atır. Bu isə göstərir ki, onların strategiyası qeyri-müəyyəndir. Paşinyan öz qərarsızlığı ilə həm Ermənistanın gələcəyini, həm də regionda sabitliyi risk altına atır. Əgər Ermənistan sülh istəyirsə, bu istəyi təkcə bəyanatlarla deyil, real addımlarla sübut etməlidir", - deyə siyasi şərhçi fikrini tamamlayıb.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr