AZ

Azərbaycanda hökumət BBC Azərbaycancanın fəaliyyətini dayandırmasına göstəriş verib

Azərbaycanda hökumət BBC News Azərbaycancanın Bakıda fəaliyyətinin dayandırılmasına göstəriş verib.

Hurriyyet.az xəbər verir ki, BBC bu gün yaydığı bəyanatında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı "könülsüz qərar" qəbul edib.

BBC-nin sözçüsü Azərbaycan hökumətinin bu qərarı ilə bağlı deyib: ''Biz mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımdan dərin təəssüf hissi keçiririk''. BBC bəyan edib ki, bu qərar Azərbaycana və Azərbaycandan xəbər verilməsi fəaliyyətinə əngəl yaradacaq.

Azərbaycanda dövlətin nəzarətində olan mediada BBC Azərbaycancanın fəaliyyətini dayandırması barədə xəbərlər yayılıb və xəbərlərdə bu, BBC Azərbaycanca əməkdaşlarının sayının bir nəfərə endirilməsi tələbilə izah olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC-nin hökumətin qərarını şərh etmək xahişinə cavab verməyib.

BBC-yə bu tələb yalnız şifahi şəkildə çatdırılıb, şirkət Azərbaycan hökumətindən yazılı heç nə almayıb və bir sıra kanallar vasitəsilə məsələyə aydınlıq gətirməyə çalışıb.

BBC deyib ki, Bakıdakı jurnalist komandası işini dayandırıb və şirkət bu göstərişlə bağlı aydınlaşdırma aparmaqdadır. BBC həmçinin əlavə edib ki, Azərbaycan dilində xəbər verməyə davam edəcək.

BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.

Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımını dayandırmaq qərarından sonra 2011-ci ildən etibarən BBC Azərbaycanca radio yayımlarını dayandırıb.

Bundan sonra BBC Azərbaycanca onlayn fəaliyyətini genişləndirib və öz saytında, eləcə də, sosial media platformalarında geniş auditoriya qazanıb.

BBC Azərbaycanca izləyicilərinin sayı həftədə bir milyona çatır və artmaqda davam edir.

Seçilən
137
6
hurriyyet.az

4Mənbələr