AZ

“Qalatasaray” - “Alkmar” oyunu təxirə salına bilər

Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin bu gün keçirilməli olan “Qalatasaray” – “Alkmar” oyunu təxirə salına bilər.

Arena.az xəbər verir ki, İstanbulda davam edən qar yağışı səbəbilə bu qarşılaşmanın təxirə salınması ehtimalı müzakirə olunur.

Oyun “Qalatasaray”ın ev oyunlarını keçirdiyi stadionunda təşkil olunacaq. Amma əlverişsiz hava şəraiti səbəbilə oyunun təxirə salınması ilə bağlı müxtəlif spekulyasiyalar yaranıb.

Məsələ burasındadır ki, İstanbulda dünən başlayan və bu gün də davam edən qar yağışı, stadion ətrafında və zəmində müəyyən çətinliklər yaradıb. “Alkmar” komandasının dünən keçirdiyi məşq zamanı stadion zəmininin qarla örtülməsi müşahidə edilib. Stadion rəsmiləri zəminə branda çəkilməməsinin səbəbini qonaq komandanın məşqinin təxirə düşməməsi ilə izah ediblər. Branda çəkilməsi prosesinin uzun çəkəcəyi və bu səbəbdən “Alkmar”ın məşqinin təxirə düşə biləcəyi bildirilib. Eyni zamanda, zəminin istiləşdirilmə sistemi gecə aktivləşdirilib və zəmindəki qarın əriməsi təmin edilib.

Hava şəraitinin daha da pisləşməsi ehtimalı nəzərə alınaraq, stadion ətrafında qar təmizləmə və duzlama maşınları hazır vəziyyətdə gözləyir. Hər hansı bir problem yaşanmaması üçün xüsusi komandalar stadion ətrafında növbə çəkirlər.

Hava proqnozlarına görə, oyun vaxtı İstanbulda havanın 0 dərəcə olması və sulu qar yağışı gözlənilir. Bu şəraitdə oyunun təhlükəsiz şəkildə keçirilməsi ilə bağlı tədbirlər davam etdirilir. UEFA-nın qərarından asılı olaraq, oyunun təxirə salınması ehtimalı da istisna edilmir.

Hazırda “Qalatasaray” – “Alkmar” matçının oynanıb-oynanmayacağı ilə bağlı rəsmi qərar yoxdur. Klub və azarkeşlər hava şəraitində hər hansı gözlənilməz dəyişiklik olacağı halda UEFA-nın qərarını gözləyirlər.

Qeyd edək ki, qarşılaşmaya bu gecə Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Seçilən
29
arena.az

1Mənbələr