AZ

Paşinyanın xarici səfərləri: Ermənistanın yeni yardım axtarışları- ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan geosiyasi dəstək axtarışında  ABŞ, Almaniya və Fransaya səfərlər etsə də, gözlədiyi nəticəni əldə edə bilməyib. Münhendə erməni icması ilə görüşü uğursuz alınıb, ABŞ isə ona açıq dəstək verməyib. Digər tərəfdən, Moskva ilə münasibətləri düzəltməyə çalışır, lakin Ermənistanın daxili və xarici siyasətdə çətinlikləri artır, Paşinyanın mövqeyi isə zəifləyir.

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a danışıb. O bildirib ki, Ermənistan  xarici yardımlardan asılı olduğu üçün yeni müttəfiqlər tapmaq üçün yollar axtarır:

"Nikol Paşinyanın bu müddət ərzində əsasən iki müttəfiqi var idi. Bunlardan birincisi Amerika Birləşmiş Ştatlarında hakimiyyətdə olan Co Bayden, ikincisi isə Fransada Emmanuel Makron idi və artıq Paşinyanın əsas müttəfiqi olan Bayden administrasiyası ABŞ-də hakimiyyəti tərk edib və onların yerinə bu qrupa müxalif olan Donald Tramp hökuməti hakimiyyətə gəlib. Tramp Baydenlə xarici sərmayələri, yəni ABŞ-nin xarici ölkələrə göstərdiyi yardımları ləğv etmək barəsində qərar qəbul edib.   Bu yardımların miqdarı belə deyək ki, azaldılacaq, bir çox hallarda isə ləğv ediləcək. Ermənistan da nəzərə alaq ki, məhz xaricdən gələn yardımların hesabına dolanan bir ölkədir və yardımların əsasən məhz  Amerika Birləşmiş Ştatlarından gəlir.  Bunun fonunda Ermənistan hansısa bir formada bu yardımları kompensasiya etməyə çalışmalıdır və yeni dəstək axtarışındadır".

Siyasi şərhçi qeyd edib ki, Paşinyanın ABŞ və Almaniyaya səfərləri, Rusiya ilə gərgin münasibətləri fonunda, İrəvanın Moskva ilə əlaqələri bərpa etməyə çalışdığını göstərir.

"Paşinyanın Amerika Birləşmiş Ştatlarına səfər etməsi və orada vitse prezident Ceyms Vens ilə görüş keçirməsi, eyni zamanda Münhen Təhlükəsizlik Konfransında iştirak edərək Almaniya rəhbərliyi ilə görüşlər keçirməsi də məhz bu məsələlərlə bağlıdır. Paşinyan Ermənistana yeni yardımların gətirilməsinə çalışır. Çünki bu müddət ərzində Ermənistan həm maddi, həm də hərbi olaraq xarici ölkələr tərəfindən ciddi şəkildə dəstəkləndi. Ermənistana çox ciddi şəkildə maliyyə yardımları, İrəvana həmçinin diplomatik dəstək göstərilib və Rusiya ilə münasibətlərin gərginləşməsi, son zamanlarda ABŞ və Rusiya arasında yaxınlaşma Ermənistanı məcbur edir ki, Rusiya ilə münasibətlərə yenidən baxsın. Xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə iki ölkə arasında əlaqələrin bərpa edilməsi səylərinin göstərilməsi də məhz buna görədir. İrəvandan Moskvaya yüksək səviyyəli təmasların  yaxın zamanda şahidi olacağıq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr