AZ

Azerinanın kütləvi şəfalanma seansları

Sosial şəbəkələrdə “Azerina” adı ilə məşhurlaşan, özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlının “şəfalanma” seansları ilə bağlı yayılan görüntülər ajiotaj yaradıb. Seans zamanı "xəstələr"dən bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıb. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və insanlar travmalarını xatırlayaraq şəfa tapırlar. Əfsanə Qasımlının insanları aldadaraq, pullarını mənimsədiyi ilə bağlı ittihamlar da irəli sürülüb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Teleqraf-a bildirilib ki, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 7 dekabr 2018-ci il tarixli Qanununa müvafiq olaraq psixoloji yardım bu yardımı göstərmək hüququ olan psixoloq və ya klinik (tibbi) psixoloqlar tərəfindən göstərilir:

"Mülkiyyət növündən asılı olmayaraq tibb müəssisələrində psixoloji yardım klinik (tibbi) psixoloqlar tərəfindən həyata keçirilir. Klinik (tibbi) psixoloqlar tibb müəssisələrində psixoloji yardım göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdırlar. Klinik psixoloji yardım göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyini, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edilməsi qadağandır".

Əfsanə Qasımlı ilə əlaqə saxladıq, o, sözügedən görüntülərlə bağlı açıqlama verməkdən imtina edib.

Maraqlıdır, tibbdə belə müalicə üsulu varmı?

Professor Adil Qeybullanın sözlərinə görə, hipnoz müalicə üsulu hesab edilir, lakin onu mütəxəssis icra etməlidir: “Hipnozla müalicə üsulu konkret olaraq bəzi xəstəliklərdə, xüsusən sinir sistemi xəstəliklərində effektli olur. Ancaq bu proseduru mütəxəssis həyata keçirməlidir. Qalan bu kimi halların hamısı fırıldaqçılıqdır, xəstələrin etimadından istifadə edib onları aldadırlar. Buna görə də müalicə vasitələrinin reyestri olmalıdır.

Səhiyyə Nazirliyindən qeydiyyatdan keçməyən, reyestrdə təsbit olunmayan müalicə üsulları Azərbaycan ərazisində tətbiq olunmamalıdır”.

Seçilən
14
publika.az

1Mənbələr