AZ

Premyer Liqanın “bir atımlıq barıt”ı – Bəxti gətirdi ki...

“Kəpəz”lə “Şamaxı”nın qarşılaşmasında qonaqların heyətində Belajdi Pusi ilə Leroy Mikelsin forma geyinməməsi əks düşərgədə bayram ab-havası yaratmışdı.

Hücum potensiallı bu iki əcnəbinin şamaxılıların yükünün böyük hissəsini çiyinlərində daşıdıqlarını tək biz demirik, statistikadakı rəqəmlər göstərir.

Lakin Pusi ilə Mikels olmadan da “Şamaxı” bu oyunda ağalıq etdi, hesabı açdı, 100 faizlik qol şanslarını boşa verdi və yekunda böyük məyusluqla aktivinə 3 yox, 1 xal yazdırmaq məcburiyyətində qaldı.

“Kəpəz”in oyununa baxanda adamı şübhə bürüyürdü. Ki, bu komanda həqiqətənmi “Turan Tovuz”un qapısına 5 qol vurub, “Sabah”ı 3:2 hesabı ilə məğlub edib? O dərəcədə çarəsiz və marasız görünürdü Gəncə klubu.

Azər Bağırovun çalışdırdığı komanda bir atımlıq barıt kimidir. Bir oyun yaxşı görünür, qələbə qazanır, görəndə ki, “Səbail” xal fərqində geridədir, 1-2 həftə istirahət edir. Sonra yenidən dirçəlir.

Qış transferlərindən yalnız Rati Ardazişvilinin müəyyən mənada komandasına kömək etdiyini deyə bilərik. Mabatşoev, Buhagiar, hətta Sadiq Şəfiyev “Kəpəz”i gücləndirmək mənasında hələ ki, işə yaramır.

Bu matçda məlum oldu ki, Dieqo Verdaskasız “Kəpəz” sahibsiz ev kimidir. Müdafiə xəttini Yeqor Xvalkonun ümidinə buraxmaq olmaz.

İlkin Qırtımov butslarını mismardan asmaq üçün çox güman mövsümün sonunu gözləyir. Verdaskanın yoxluğu müdafiə xəttini ruhsuz göstərirdi, üstəlik, müdafiə ilə yarımmüdafiə arasındakı əlaqə itmişdi.

Qərb təmsilçisi qızıldan qiymətli 1 xala görə əlverişli qol imkanlarından yararlana bilməyən Rüfətlə Andreyə təşəkkür etməlidir. Pusi ilə Mikels oynasaydı, “Şamaxı” bu istək və oyunla “Kəpəz”in “üstündən keçəcəkdi”.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr