AZ

Təbrizin Vətən sevgisi... 

Torpağa, yurda bağlılıq, Vətənə  sevgi  Cəlilabadın Böyük Bəcravan  kəndində  dünyaya göz açan   Təbriz İsabala oğlu İsayevin qanına ana südü ilə birgə hopmuşdu.  Odur ki, 44 günlük haqq savaşımızda  sinəsini ona sipər etməklə adını yeni, şanlı tariximizə qəhrəman kimi yazdı. Ömür yolu 27 il oldu Təbrizin.  Qısa müddətdə  Vətən, xalq qarşısında xüsusi xidmətləri oldu. Odlardan-alovlardan   keçərək  30 il düşmənə əsir düşən müqəddəs, ulu yurd yerimiz  Qarabağın  bağrına zəfər bayrağı sancanların önündə getdi.  Bu çətin, şərəfli yolda canını fəda etməklə Vətənə  ilahi sevgini qanı ilə möhürlədi. Fədakarlıq, mərdlik, qürur, heyrət doğuran bir məktəb  olaraq  bizlər üçün  örnək qoydu. İndi hər dəfə Təbrizin adı çəkiləndə o məktəbdən Vətən, xalq naminə  ürəklərə eşq odu, məhəbbət alovu  axır.

El-obada  son dərəcə mərd, ağıllı, köksündə əsl qəhrəman ürəyi döyünən  gənc kimi tanınan Təbriz  İsayev ordu sıralarına Qarabağımızı işğal altında saxlayan  erməni dığalardan qisas almaq məqsədilə yola düşüb. Cəbhə bölgəsində xidmət edib, əsgərlik borcunu ləyaqətlə yerinə yetirdiyinə görə  hamının  sevimlisinə çevrilib. Hərbi təlimlərə böyük həvəslə  qatılan və  bütün sınaqlardan  uğurla keçən Təbriz vətənpərvərlikdə  əsgər yoldaşlarına hər zaman  nümunə göstərilib.

Təbriz əsgərliyini üzüağ başa vurduqdan sonra evə qayıdıb.

Erməni  qaniçənlərin Qarabağımızın işğalını heç cür vicdanına sığışdıra bilməyən   gənci Vətən, torpaq sevgisi yenidən hərbiyə qaytarıb. Xüsusi Təyinatlı Qüvvələrində gizir rütbəsində  xidmətə  başlayıb və məqamı gələndə düşmənlə sona qədər vuruşub qisas alacağına and içib.  Bu işdə çalışması 6 il çəkib. Düşməni döyüş meydanında əzməklə qoynunda dünyaya gəldiyi torpağın  qürurunu  bütün millətlərə göstərmək üçün hərbi sahədə  mükəmməl  bilik qazanıb və düşmənlə  haqq savaşına getməyə hər an hazır durub.

2016-cı ilin  Aprel döyüşlərində  iştirak edən qəhrəman gizir neçə-neçə  erməni faşistin axırına  çıxıb, Lələ-təpəyə zəfər bayrağımızı sancan  igidlərdən olub. 2020-ci il İkinci Qarabağ döyüşçüləri başlayan gündən ön cəbhədə düşmənlə üzbəüz vuruşub. Yağı gülləsini vecinə almadan  Füzulidə, Cəbrayılda  dığaların kabusuna çevrilib  Təbriz . Dəfələrlə ölümlə pəncələşib, amma qəlbindəki  Vətən məhəbbəti hər şeyə qaib gəlib. Döyüşlərin birində ağır yaralanıb. Müalicəsini  yarımçıq qoyaraq  yenidən  saf, məğrur vicdanı onu  Qarabağın azadlığı uğrunda vuruşa aparıb.  10 oktyabr 2020-ci ildə ağır müharibə meydanında  düşmənin snayperdən açdığı atəş nəticəsində ürəyindən aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalib.

Doğma kəndində   sevdalandığı  Vətən adı sevgilisinin sinəsinə yeni bir dünya yaşamaq üçün əbədi baş qoyan  qəhrəman şəhidimiz    "Azərbaycan Bayrağı” ordeninə , " Şücaətə görə ", "Vətən uğrunda" ,  Xocavəndin, Cəbrayılın və Kəlbəcərin azadlığına görə medallara  layiq olub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
22
ikisahil.az

1Mənbələr