AZ

Əliağa Vahid – 130

Cəmil Həsənli, professor 

Qəribə də olsa Əliağa Vahidin 130 illiyi qeyd edilmədi. Xüsusi sərəncam olmadı, Mədəniyyət Nazirliyindən, Yazıçılar Birliyindən, Nizami adına Ədəbiyyat İnstitutundan bir xəbər çıxmadı. Hətta “Ədəbiyyat qəzeti” belə haqqında yazı dərc etmədi. Vahidin 130 illiyi günlərində Prezident Mirzə Qədim İravaninin 200 illiyinin qeyd edilməsi barədə sərəncam imzaladı. Şübhəsiz ki, Mirzə Qədim İravani Azərbaycan mədəniyyətinin bir hissəsidir və onun yubileyi qeyd edilməlidir. Bəs, Əliağa Vahid? Bəlkə onun Azərbaycan ədəbiyyatına, sənətinə, mədəniyyətinə aidiyyəti yoxdur. Sovet dövründə olduğu kimi onu elə gözardı etmək, görmədən gəlmək, köhnəliyin qalığı hesab etmək lazımdır.

Hakim ailəyə aid olan adamların həm doğum günü, həm ölüm günü, həm məktəbə qədəm qoyduğu gün, dissertasiya müdafiə etdiyi gün qeyd edilir. Həmin zümrədən kiminsə dişinin ağrıdığı gün az qala milli matəm günü kimi hüznlü keçirilir. Leninin anadan olmasının 100 illiyinə həsr edilmiş 1969-cu ilin avqust plenumu “milli ideologiyanın” başlanğıcı kimi qeyd edilir. Amma Sovet istibdadı dövründə min illik Azərbaycan ədəbiyyatı ənənəsini yaşatmış, milli yaddaşı diri saxlamış Əliağa Vahidin 130 illiyi yada düşmür.

Əliağa Vahid gənc yaşlarında Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmət etdi. Həmin vaxt Əliağa “Əsgər” imzası ilə şeirlər yazıb Bakı mətbuatında dərc etdirirdi. Vahid ləqəbini ona Mirzə Əbdülxaliq verdi. Uzaq görən adam imiş Mirzə. Əliağa bu adı doörultdu. Sovet dövründə o, “Kommunist” qəzetində, sonra “Azərnəşr”də mürəttib işləsə də, bir müddət Lənkəran teatrın rəhbəri olsa da, Sovet ədəbi nomenkulaturasına daxil ola bilmədi və ya olmaq istəmədi. Hitler və faşizm əleyhinə yazdığı həcvlərə görə ona 1943-cü ildə Əməkdar İncəsənət Xadimi adı verdilər. Lakin o, Sovet ədəbi elitasına yaxın buraxılmadı. Bağırovsevərlər uydururlar ki, guya Vahid də 1937-38 həbs edilməli imiş, Stalin şəxsən özü bunu istəyirmiş ancaq Bağırov onun “içki düşgünü” olduğunu bəhanə edib onu xilas edib. Və ya guya Bağırov çox istəyirmiş ki, Vahidin qəzəllərin rus dilinə tərcümə edib Stalin mükafatına versin. Bunlar hamısı ucuz uydurmalardır. KGB-nin sədri kimi Stepan Yemelyanovun son “işlərindən” biri Əliağa Vahidin dosyesin hazırlamaq olmuşdu. Bu barədə sonra.

1965-ci ildə Vahidin 70 yaşı tamam olurdu. Həmin ilin əvvəllərində Yazıçılar ittifaqı onun 70 illiyini keçirmək haqqında qərar qəbul etdi. Qərarda göstərilirdi: , “Şair Əliağa Vahidin anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq onun Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunması haqda Rəyasət Heyəti aidiyyəti təşkilatlar qarşısında binagüzarlıq etsin.” Elə həmin il onun “Seçilmiş əsərləri” nəşr edildi və ora Vahidin 354 qəzəli daxil edildi. Bu həmin dövrə qədər Vahidin qəzəllərinin ən mükəmməl nəşri idi. On il sonra – 1975-ci ildə “Azərnəşr” onun əsərlərinin ikicildliyini nəşr etdi.

Bu yubileylə bağlı Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov Azərbaycan KP MK-ya yazırdı: “Bu il qocaman şair Əliağa Vahidin anadan olmasının 70 illiyi tamam olur. Bununla əlaqədar olaraq Yazıçılar İttifaqının Rəyasət Heyəti şairi Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmək üçün təqdim etməyi məsləhət görmüşdür və payız aylarında şairin 70 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirməyi nəzərdə tutmuşdur. Bu haqda sizin sərəncamınızı gözləyirik.” Lakin qərardan və bu məktubdan az sonra, 1965-ci il sentyabrın 30-da tanınmış qəzəlxan Əliağa Vahid vəfat etdi.

Mövcud qaydalara görə Vahidin “xidmətləri” Fəxri Xiyabanda dəfn olunmağa imkan vermirdi. Lakin şairin çoxsaylı oxucuları və pərəstişkarları onun Fəxri Xiyabanda dəfn olunması məsələsində israrlı idi. Oktyabrın 1-də sorğu yolu ilə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyəti Seyfəddin Dağlı (sədr), Mir Mehdi Seyidzadə, İsmayıl Şıxlı, Bəhram Ağayev və Əliağa Kürçaylıdan ibarət dəfn komissiyası yaratdı.

Həmin vaxt yazıçı Salam Qədirzadə ölkə rəhbərliyini yaranmış vəziyyətdən xəbərdar etdi. Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov özü Bakıda olmasa da, məlumat alan kimi xalqın istəyinin nəzərə alınmasına qərar verdi. Böyük insan kütləsi 1965-ci il oktyabrın 1-də Əliağa Vahidin tabutunu Yazıçılar İttifaqından Fəxri Xiyabana qədər piyada gətirib orada dəfn etdi.

Əliağa Vahidin ədəbi taleyində əsaslı dönüş ötən əsrin 80-ci illəində başlandı. Onun irsinin bərpa edilməsinin əsas təşəbbüsçüsü Azərbaycan SSR Tikinti Materialları Sənayesi Naziri Arif Mansurov idi. Arif Mansurov Əliağa Vahidin əsərlərinin yeni nəşri, ona abidə qoyulması və onun haqqında film çəkilməsi məsələsini hökumətin qarşısında qaldırdı. Onun təşəbbüsü ilə Azərbaycan KP MK “Əliağa Vahidin xatirəsinin əbədiləşdirilməsi haqqında” qərar qəbul etdi. Qərara alındı ki, şairin vəfatının 25 illiyi münasibəti ilə Bakıda ona abidə qoyulsun. Bakı şəhər icraiyyə komitəsi Filarmaniya bağında Əliağa Vahidə abidə qoyulması üçün sahə ayırdı.

Bu tədbirlər planı ilə bağlı şairin oğlu Ramiz isgəndərov 1990-cı ildə Bakı Şəhər Partiya Komitəsinə dəvət edildi. Aillənin maddi durumunu yaxşılaşdırmaq üçün bəzi addımlar atıldı. 1990-cı ildə Əliağa Vahidin əsərlərinin nəşri ilə bağlı vərəsəlik hüququ başa çatırdı. Ramiz İsgəndərov xahiş etdi ki, bu müddət uzadılasın, Vahidin əsərləri orta məktəb dərsliklərinə salınsın, onun əsərlərinin akademik nəşri hazırlansın. Qərara uyğun olaraq Vahidin ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılsın.

Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Rüfət Ağayev bu məsələlərin həlli ilə bağlı 1990-cı ilin noyabr ayının 11-də Prezident Ayaz Mütəllibova müraciət etdi. Noyabr ayının 13-də Mütəllibov ideoloji məsələlər üzrə katib Fazil Muradəliyevə tapşırıq verdi ki, imkan daxilində köməklik göstərilsin.

Bu zaman artıq Əliağa Vahidin abidəsinin hazırlanması işlərinə və “Qəzəlxan” filminin çəkilişinə başlanmışdı. Heykəlin memarı Sənan Salamzadə, heykəltəraşlar isə Natiq Əliyevlə Rahib Həsənov idi. Onlar çox nadir, çox kompozisiyalı bir abidə hazırladılar və 1990-cü ilin oktyabr ayının 27-də Filarmoniya ilə yanaşı ərazidə abidənin açılışı oldu. Yer çox düzgün seçilmişdi. 1991-cü ildə isə Şahmar Ələkbər (həm ssenari müəllifi həm rejissor) “Qəzəlxan” fiminin çəklişini başa çatdırdı və film 1992-ci ildə Daşkənddə keçirilən Asiya, Afrika və Latın Amerikası Ölkələrinin XI Beynəlxalq Kinofestivalının mükafatını aldı.

Ancaq 2008-ci ildə gözlənilmədən Vahidin heykəli 18 il ərzində olduğu yerdən götürülüb “İçərişəhər”ə köçürüldü. Bura uzun müddət zibilxana kimi istifadə edilən, adamların az olduğu, məhəllə uşaqlarının top oynadığı uğursuz bir yer idi. Bu kimin ideyası idi, bilmirəm. Bundan sonra da heykəl baxımsız bir vəziyyətə düşdü.

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr