Bu gün Bakıda Küveytin 64-cü Milli Günü və 34-cü Qurtuluş Gününün ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub. Dövlət rəsmilərinin, millət vəkillərinin, diplmatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Küveytin dövlət himnləri səsləndirildi.
Hafta.az-ın yazdığına görə, çıxış edən Küveytin ölkəmizdəki səfiri Məhəmməd Feysal əl-Mutairi deyib ki, Küveytlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyədə əlaqələr mövcuddur.
“Siyasi əlaqələrdən bəhs edərkən qeyd etmək lazımdır ki, Küveytlə Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur. Bu münasibətlə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un yüksək səviyyədə təşkilinə görə dost Azərbaycan respublikasını ürəkdən təbrik edirəm. Qeyd etmək istərdim ki, COP29 Liderlər Sammitində Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahın nümayəndəsi Vəliəhd Şeyx Sabah Xalid əl-Hamad əl-Sabah da iştirak edib və tədbir çərçivəsində müxtəlif dünya liderləri, o cümlədən dost Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirib. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsilə bağlı fikir mübadiləsi aparılıb” deyən səfir diqqətə çatdırıb ki, ötən həftə Küveytlə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçirilib və nəticələri çox səmərəli olub.
“Uğurlu ikitərəfli əməkdaşlığımızın digər nümunəsi olaraq vurğulamaq istərdim ki, bu ilin aprel ayında hər iki ölkənin xarici işlər nazirlərinin rəhbərlik etdiyi hökumətlərarası Birgə Komissiyanın növbəti - üçüncü iclası keçiriləcək. Bu komissiyanın əsas fəaliyyət istiqaməti hər iki ölkənin müvafiq qurumları arasında müxtəlif sahələrdə, xüsusilə investisiya, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsindən ibarətdir. Ümid edirik ki, komissiyanın növbəti iclası hər iki ölkənin rəhbərliyinin dəstəyi, eləcə də bir sıra sahələrdə saziş və anlaşma memorandumlarının imzalanması ilə əlaqələrimizin inkişafı istiqamətində yeni imkanlar yaradacaq”, - səfir bildirib.
Cənab əl-Mutairi turizmdən söz açarkən deyib ki, Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb. Belə ki, 2024-cü il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı 2023-cü illə müqayisədə daha da artaraq 31400 nəfərə yaxın olub. Diplomat, hazırda iki ölkə arasında həftədə 4 aviareys həyata keçirildiyini diqqətə çatdırıb.
Azərbaycan hökuməti adından təbrik nitqi söyləyən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirib ki, 1994-cü ildən etibarən qurulan diplomatik əlaqələr daim inkişaf edib və bu gün də möhkəmlənməkdədir.
"Azərbaycanla Küveyt arasında əməkdaşIıq əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam edir. Xüsusilə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər mühüm beynəlxalq platformalar daxilində fəal əməkdaşlıq aparılır", - deyə nazir müavini əlavə edib.
Çıxışlardan sonra xatirə hədiyyəsi təqdim olunub və tədbir qeyri-rəsmi hissə ilə davam edib.