Erməni politoloq: Deməli müharibə istəyirsiniz
Son günlər Ermənistanda yüksək revanşist əhval-ruhiyyə müşahidə olunur. Məsələn, yenidən zühur edən “Vətən naminə Tavuş” adlı qondarma hərəkatın adını “Müqəddəs mübarizə”yə dəyişən Erməni Apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasının Gürcüstandan başlayaraq İran sərhədinədək davam etməsi ölkəsi üçün təhlükəlidir. Hətta o, bu prosesi konstitusiyaya, milli və dövlət maraqlarına zidd hesab edib: “Onlar təkcə bu dəhlizdən (Zəngəzur dəhlizi nəzərdə tutulur-red) deyil, həm də çoxdan xəbərdar etdiyimiz anklavların təhvil verilməsindən danışırlar. İndi bunu həyata keçirməyə məcbur olduqları üçün gizlədə bilmirlər. Lakin buna imkan verə bilmərik. Çünki haqqımız yoxdur. Bu səbəbdən yenidən ayağa qalxmalıyıq”. Amma bu biçarə keşiş hələ də anlamır ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi danışıqlar yolu ilə həllini tapmaqdadır. Anklavlar problemi də elə bu proses çərçivəsində çözüləcək. Artıq tərəflər arasında danışıqların irəliləməsi üçün möhkəm siyasi, tarixi və hüquqi əsaslar da var. Hətta Hayastanın bəzi siyasətçiləri bunu sülh prosesinin sütunlarından biri kimi dəyərləndirirlər. Bu mənada Baqratın dediyi kimi, ayağa qalxmağa əsla ehityac yoxdur.
Şübhəsiz, mahiyyətcə “Qarabağ klanı”nın marionetkasına çevrilən bu keşişin belə bir çağırışında digər radikal müxalifət nümayəndələrinin də “zəhmət”inin olması şəksizdir. Hətta ölkəmizin müxtəlif bölgələrində etnik təmizləmə həyata keçirmiş, Qarabağı şəxsi qazanc alətinə çevirmiş, hazırkı baş nazirə qarşı gizli ittifaq yaradan Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serjik Sarkisyan ölkədə yaşanan sosial problemləri dilə gətirməklə, sabiq xarici işlər naziri Vardan Oskanyan sayıqlamaqla Baqratı revanşa daha da şirnikləndirirlər. Artıq yenicə müxalifət cərgəsinə qoşulan Paşinyanın keçmiş tərəfdaşı Ovik Ağazaryan da onların sırasındadır. Yeri gəlmişkən, Robert Koçaryan bir neçə gün öncə keçirdiyi mətbuat konfransında hakimiyyətə dönməklə Ermənistanı keçmişə qaytarmaq istəyini açıq-aydın ortaya qoyub.
Bəs bütün cəhdlərin məqsədi nədir? Bu suala tam şəkildə erməni politoloq Arutyun Mkrtçyanın sözləri ilə cavab vermək yerinə düşər: “Anklavların qaytarılmasına qarşı çıxırsınızsa və ya delimitasiya, demarkasiya istəmirsinizsə, deməli müharibə istəyirsiniz”. O, həmçinin bildirib ki, onların delimitasiyaya və anklavların sahibinə geri qaytarılmasına qarşı çıxışları Hayastana yaxşı heç nə vəd etmir. Digər tərəfdən, Arutyun Mkrtçyanın sözlərindən belə anlaşılır ki, heç kim öz uşaqlarını müharibəyə yollamaq istəmir. Odur ki, bu gün sadə camaat bu kimi məsələlərdə Nikol Paşinyanı dəstəkləyir. Şübhəsiz, erməni politoloq bu sözlərlə həqiqəti dilə gətirib. Yəni, o, dolayısı ilə Azərbaycan Ordusunun nəyə qadir olduğunu etiraf edib.
Yeri gəlmişkən qeyd edək ki, Erməni Apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Koçaryan, Sarkisyan kimi avantüristlərə arxalanaraq dəfələrlə bu prosesə qarşı çıxıb. Amma onun məkrli niyyəti ürəyində qalıb. Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədi təxminən 1000 km məsafədə uzanır və bu sərhədin hər metrinin müəyyənləşdirilməsi vacibdir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, vaxtaşırı bu və ya digər bölgənin keşişi və yaxud uğursuz bir siyasətçisi cəmiyyətin revanşist lideri kimi yenidən ortaya çıxmağa çalışır: “Amma görünən odur ki, onlar öz niyyətlərinə çata bilmirlər və çatmayacaqlar da… Bu da səbəbsiz deyil. Belə ki, Ermənistan cəmiyyəti artıq ölkənin siyasi həyatına o qədər də maraq göstərmir. Çünki onlar müharibə ritorikasından beziblər. Bu mənada onların Baqrat Qalstanyan kimi fırıldaqçıların çağrışlarına qulaq asıb küçələrə çıxacaqları, yaxud revanşit əhval-ruhiyyədə qalacaqları real görünmür. Çünki cəmiyyətin müəyyən bir hissəsi Azərbaycanla qarşıdurmada daha ağır formada uduzacağının fərqindədir. Yəni, onlar həm 44 günlük müharibədə, həm də bir sutkalıq lokal antiterror əməliyyatları zamanı Ermənistan ordusunun darmadağın edilməsini hələ unutmayıblar. Şübhəsiz, bu adi həqiqətləri revanşist keşiş də, əlləri Azərbaycan xalqının qanına batmış Koçaryan da, Sarkisyan da, insanlıq simasını itirmiş Oskanyan da yaxşı anlayırlar. Amma özlərini bunları bilməmiş kimi aparırlar”.
Qvami Məhəbbətoğlu, “İki sahil”