Lakin baş nazir əvvəlki "virtual Ermənistan ideologiyası"nın cinayətkar ideologiya olduğunu açıq söyləyə bilmir
Ermənistan Baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb. Məlumata görə, komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək. Onun tərkibinə nazir müavinləri, təhlükəsizlik orqanlarının rəhbərləri, həmçinin parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri daxil olacaq. Qeyd edək ki, Ermənistanda hazırkı milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib.
Siyasi şərhçi Aydın Quliyev "Sherg.az"a deyib ki, Nikol Paşinyan "Real Ermənistan" adlı yeni milli ideologiya adlı sənədi xüsusi efir çıxışı ilə təqdim edib. Onun sözlərinə görə, heç şübhəsiz ki, Paşinyan bununla indiyə qədər "virtual Ermənistan" adlandırdığı tutarsız "ideologiyadan" imtina etdiyini təsdiqləmək istəyir:

"Əslində isə baş nazirin imtina etdiyi şeyin adı "virtual Ermənistan" yox, "dənizdən dənizə böyük Ermənistan" adlı mifik və cinayətkar "ideologiya"dır. Vətən müharibəsində total məğlubiyyətdən sonra Paşinyan bütün erməni cəmiyyətini inandırmaq istəyir ki, faciələrin kökü həmin ideologiyadır. Çünki o ideologiya Ermənistanı virtual bir aləmə salır, qonşularla vuruşdurur. Odur ki, Paşinyan hesab edir ki, "real Ermənistanı" real ideologiya, yəni dünyanın hazırda tanıdığı Ermənistan Respublikasının sərhədləri daxilində tanımalı və qəbul etməlidirlər. Əlbəttə, Paşinyanın mifik və cinayətkar ideologiyadan imtinası təqdirəlayiqdir. Lakin Paşinyan əvvəlki "virtual Ermənistan ideologiyası"nın cinayətkar ideologiya olduğunu açıq söyləyə bilmir. Yeni milli ideologiyanın yaradılması məhz ondan başlamalı idi ki, erməni xalqının özünə də böyük və lazımsız faciələr yaşatmış" virtual Ermənistan və ya dənizdən-dənizə Ermənistan ideologiyasına hüquqi-siyasi qiymət verilsin. Necə ola bilər ki, qonşu xalqlara, ermənilərin özünə misilsiz faciələr yaşatmış, sonda biabırçı şəkildə məğlub edilmiş" böyük Ermənistan" adlı cinayətkar ideologiyanı quraşdıranların əməllərinə hüquqi-siyasi qiymət verilmədən yeni ideologiya elan edilsin?! Adamdan soruşmazlar ki, o ideologiyanın əsl adını rəsmi qaydada niyə vermək istəmirsən?".
Ekspert vurğulayıb ki, Paşinyan yeni milli ideologiyanın yaradılmasına bundan başlamadı:
"Bu, onun yeni ideologiyasının uğursuz olacağını şərtləndirən ilk amildir. Digər tərəfdən, yeni ideologiyada regional sülhün və qonşularla iddiasız siyasətin nə qədər vacib olduğu barədə bir kəlmə də deyilmir. Bu, yeni ideologiyanı uğursuzluğa məhkum edən növbəti amildir. Üstəlik, yeni ideologiya saxta iddialardan da xali deyil. Aşıq sənətinin türklərə məxsusluğunu bütün dünya bildiyi halda, Paşinyan özünün yeni "ideologiyasında" erməni aşıq sənətindən danışır..".