Kişi basketbolçuar arasında 2027-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə ilkin təsnifat mərhələsində növbəti oyunlar keçirilib.
Offsideplus.az xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan milli komandası səfərdə Kosovaya 79:81 hesabı ilə uduzub.
Bu qrupda digər görüş İsveçrədə yerli komanda ilə İrlandiya arasında baş tutub. Meydan sahibləri əbəs yerə lider olmadıqlarını bir daha sübuta yetiriblər - 85:54.
Dünənki nəticələrdən sonra hesabında 6 xal (1 qələbə, 4 məğlubiyyət) olan yığmamız qrupda sonuncu - 4-cü yerə enib. İsveçrə 10 xalla qrup qalibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Hərəyə 7 xal toplayan Kosovo və İrlandiya müvafiq olaraq, 2-ci və 3-cü sırada qərarlaşıblar.
Tahir Baxşıyevin yetimələri fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcəklər. Qrupun son oyununda qələbəyə köklənən milli komandamızın mərhələ keçmək üçün nəzəri şansları var. Yığmamız qalib gələcəyi təqdirdə, ilkin təsnifat mərhələsinin qrup ikinciləri arasında ən yaxşı kollektiv qismində mübarizəni davam etdirə bilər.