AZ

ABŞ Bakı və Ankaranın yer aldığı masaya qarşı - SENSASİON İDDİA

Bu gün, 09:34

Lavrovun sözlərinə görə, Ağ Ev 3+3 əvəzinə Cənubi Qafqaz ölkələri və Amerika administrasiyası nümayəndəsinin daxil olacağı 3+1 formatının yaradılmasına çalışıb

Regional əməkdaşlığın 3+3 formatı şübhəsiz ki, bütün iştirakçı ölkələrin-Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və Gürcüstanın maraqlarına xidmət edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışında bildirib.
“Əvvəldən hamı razılaşdı ki, bizdə format məhz 3+3-dür və biz Gürcüstanın mövqeyini, şübhəsini başa düşürük. Lakin gürcü nümayəndələri üçün iclas zalında həmişə yer olacaq", - o qeyd edib.
S.Lavrov xatırladıb ki, bu yanaşma keçən ilin oktyabrında İstanbulda nazirlər səviyyəsində keçirilən son görüşdə də təsdiq edilib.
 Nazirin sözlərinə görə, bu, ABŞ-ın əvvəlki administrasiyasında paxıllıq yaradıb və onlar 3+3 formatı əvəzinə Cənubi Qafqaz ölkələri və sabiq prezident Cozef Baydenin administrasiyası nümayəndələrinin daxil olacağı 3+1 formatını irəli sürməyə çalışıblar. O, həmçinin vurğulayıb ki, son görüşdə bu məsləhətləşmə platformasını daha strukturlaşdırılmış təşkilata çevirmək barədə qərar qəbul edilib.
S.Lavrov Dövlət Duması deputatlarının əlavə əməkdaşlıq mexanizmlərinin təşkili üçün 3+3 formatında parlamentlərarası komissiyanın yaradılması təklifini dəstəkləyib. "Əgər siz belə bir təşəbbüslə çıxış etsəniz, biz onu XİN xətti ilə dəstəkləyəcəyik. Bu çox faydalı olardı", - nazir bildirib.
Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -ƏTRAFLI | KONKRET
Elxan Şahinoğlu 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu formata qoşulmaq istəməyən Gürcüstanın artıq bu barədə düşündüyünü proqnozlaşdırır: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə 3+3 regional əməkdaşlıq modelini təklif etdilər. Bu, Cənubi Qafqaza qonşu ölkələrin də maraqlarına cavab verdiyindən, İran və Rusiya təklifi dəstəklədilər, hətta Ermənistan belə Bakı və Ankaranın təşəbbüsünə qoşuldu. Bircə Gürcüstan bu platformada iştirak etmədi və bunun obyektiv səbəbi var idi. Gürcüstan hakimiyyəti torpaqlarını işğal edən Rusiya ilə eyni formatda iştirakdan çəkinirdi. Ancaq hazırda Gürcüstan hökumətinin Qərb ölkələri ilə münasibətlərində problemlər mövcuddur. Ona görə də Gürcüstanın yaxın gələcəkdə 3+3 formatına qatılacağı ehtimalı artıb. Bu format bir qrup Avropa dövlətinin, o cümlədən Fransanın xoşuna gəlmir. Çünki Fransa oyundankənar vəziyyətdə qalıb. Paris çox çalışdı ki, Ermənistanın əli ilə regional əməkdaşlıq alınmasın. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər Fransa prezidenti Emmanuel Makronla yaxın olsa da, 3+3 formatındakı iştirakdan imtina etməyib. Çünki regional əməkdaşlıq formatı ilk növbədə elə Ermənistanın maraqlarına cavab verir. ABŞ-a gəldikdə, hazırda Tramp administrasiyasının başı Rusiya-Ukrayna müharibəsinin həllinə və Yaxın Şərqə qarışıb. Digər tərəfdən, Ağ Evin hazırkı sahibi Kreml sahibi ilə yaxınlaşmağa çalışır. Bu səbəbdən Vaşinqton 3+3 formatını əngəlləmək istəməyəcək. Bütün hallarda bu formatın uğur qazanması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir. Bunun üçün isə Ermənistan Konstitusiyası dəyişməlidir. Nikol Paşinyan artıq bunun anonsunu verib, indi ondan real addımlar gözləyirik”.

Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, ABŞ-ın 3+3 formatına qarşı çıxaraq, onun əvəzinə 3+1 modelini irəli sürməsi Vaşinqtonun bölgədəki strateji maraqlarının birbaşa əksidir: "3+1" formatı ABŞ-ın Gürcüstan, Ermənistan və Azərbaycanla əməkdaşlıq etməsini nəzərdə tutur ki, bu da region ölkələrini Rusiya, İran və Türkiyədən uzaqlaşdırmaq və daha çox özünün dominant olduğu məkanda fəaliyyət göstərməsi məqsədi güdür. Bu yanaşma, ABŞ-ın Cənubi Qafqazda təsirini artırmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilə bilər. Lakin bu formatın irəli sürülməsi bölgədə iştirak edən digər güclərin maraqları ilə ziddiyyət təşkil edir. Xüsusilə İran və Rusiya ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə qarşıdır və bu kontekstdə onlar özlərinin də daxil olduğu 3+3 formatının güclənməsinə çalışırlar. Digər tərəfdən, Türkiyənin Cənubi Qafqazda mövcudluğu və onun bu bölgədə müstəqil aktor kimi hərəkət etməsi yeni regional güc balansının formalaşmasında mühüm rol oynayır. Türkiyə bir sıra beynəlxalq məsələlərdə ABŞ-la tərəfdaş olsa da, Cənubi Qafqazda öz müstəqil siyasətini yürütmək və regionda xarici təsirlərin azaldılmasına töhfə vermək istəyir. Bu, eyni zamanda Azərbaycanın strateji maraqları ilə də üst-üstə düşür. Azərbaycan üçün əsas prioritetlərdən biri regional təhlükəsizliyi təmin etmək, iqtisadi inteqrasiyanı inkişaf etdirmək və Cənubi Qafqazı xarici müdaxilələrdən mümkün qədər qorumaqdır. Azərbaycanın balanslı xarici siyasəti onun Rusiya, İran və Türkiyə ilə əməkdaşlıq etməsinə şərait yaradır, lakin bu əməkdaşlığın hər hansı formada Azərbaycanın milli maraqlarına təhlükə yaratmaması üçün ciddi diplomatik manevrlər tələb olunur. Digər tərəfdən, ABŞ-ın bölgədəki təsirini artırmaq cəhdləri, Ermənistanın maraqları ilə müəyyən qədər üst-üstə düşür, çünki İrəvan hazırda regional güclərdən, xüsusilə Rusiyadan asılılığını azaltmaq üçün Qərbin siyasi və iqtisadi dəstəyinə ehtiyac duyur. Bu baxımdan, Ermənistanın xarici qüvvələrin iştirakı ilə daha çox formatlara meyllənməsi onun təhlükəsizlik dilemmasının nəticəsi kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, Cənubi Qafqazda formalaşan yeni siyasi reallıq və müharibədən sonrakı mərhələdə Azərbaycanın əldə etdiyi üstünlük region ölkələrinin xarici təsirlərdən asılılığını azaltmaq üçün daha çox öz aralarındakı əməkdaşlıq formatlarına yönəlməsinə şərait yaradıb. 3+3 formatı region ölkələrinin qarşılıqlı dialoq və əməkdaşlıq yolu ilə regional problemləri həll etməsi üçün potensial bir mexanizm olsa da, bu formatın gələcəkdə necə inkişaf edəcəyi, iştirakçı dövlətlərin siyasi maraqları və Qərbin bu bölgədəki mövqeyindən asılı olaraq dəyişə bilər. Azərbaycan üçün əsas çağırış, bu format daxilində öz suverenliyini və milli maraqlarını qoruyaraq, həm Rusiya və İranın təzyiqindən qorunmaq, həm də Qərbin bölgədəki maraqları ilə balanslaşdırılmış siyasət aparmaqdır".
Seçilən
27
50
Reportyor.tv

10Mənbələr