Ayrıca bir fənn kimi yox, bütün fənlərin daxilində, məzmun xətlərində bu anlayış öz əksini tapmalıdır
“Uzun müddətdir apardığım tədqiqat və təhlillər nəticəsində 9, 10 və 11-ci siniflər üçün “Analitika” fənninin vacib olduğunu görürəm. Bu gün orta məktəb həyata hazır insan yetişdirmək əvəzinə, sadəcə, ali məktəblərə qəbul üçün baza rolunu oynayır. Təhsil sistemi şagirdləri real həyat bacarıqları ilə deyil, test həll etmək vərdişləri ilə silahlandırır. Ancaq şagirdlərin repetitor yanına getməsi onların savadlı olması demək deyil”. Bu sözləri təhsil eksperti Kamran Əsədov sosial media hesabında paylaşıb. Ekspertin sözlərinə görə, məktəblərin əsas məqsədi yalnız ali məktəbə hazırlıq yox, şəxsiyyət və müstəqil düşünən vətəndaş yetişdirmək olmalıdır: “Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biri analitik düşüncənin zəif olmasıdır – insanlar doğru və yalan informasiyanı ayırd edə bilmir, manipulyasiyaya açıqdır, statistik məlumatları təhlil edə bilmir və problemlərin həllində yaradıcı yanaşmadan uzaqdır. Əgər biz məktəbdə "Analitika" fənnini tətbiq etsək, bu fənn şagirdlərə məlumatlarla işləməyi, dərin təhlil aparmağı və məntiqi düşünməyi öyrədəcək. Məlumatları təhlil etmək və qərarvermə bacarığını inkişaf etdirəcək. Şagirdlər riyazi statistikadan, sosial problemlərin həllinə qədər geniş bir spektrdə təhlil aparmağı bacaracaqlar. Bu gün yalan məlumatın, populizmin və manipulyasiyanın qarşısını almağın ən güclü yolu tənqidi düşüncədir. Analitika fənni gənclərə media manipulyasiyalarını tanımağı, rasional düşünməyi və faktları sübutlara əsasən qiymətləndirməyi öyrədəcək”.
K.Əsədovun sözlərinə görə, süni intellekt, rəqəmsal təhlükəsizlik, məlumat analizi və strategiya qurmaq bu fənnin əsas istiqamətlərindən olacaq. Gələcəyin peşələri artıq bunları tələb edir:
“Hazırkı təhsil sistemi şagirdləri repetitorlara möhtac edir. Halbuki, məktəb özü bilik və bacarıq verməli, şagirdlərə fərdi inkişaf üçün meydan açmalıdır. "Analitika" fənni məktəbi funksional hala gətirəcək. Bu gün ali məktəblərə qəbul sistemi orta məktəbin işini iflic edib. Məktəbdə verilən biliklər şagirdlərə həyata hazırlıq baxımından yetərli deyil, çünki sistem onları yalnız test imtahanlarına yönəldir. Halbuki, məktəbin məqsədi yalnız qəbul imtahanına hazırlaşan deyil, həm də cəmiyyət üçün faydalı və düşünən fərd yetişdirmək olmalıdır”.
Təhsil eksperti Qoşqar Məhərrəmov “Sherg.az”a açıqlamasında beynəlxalq təcrübədə orta təhsil pilləsində “Analitika” fənninin tədrisi təcrübəsinə rast gəlmədiyini vurğulayıb:

“Analitik ədəbiyyat”, “Analitik məntiq”, “Data analitikası” kimi fənlərin müxtəlif ölkələrdə tədris edildiyini eşitmişəm, amma “Analitika” fənninin müstəqil fənn olaraq tədris edildiyini heç bir ölkə təhsilində görməmişəm. “Analitika” analiz, təhlil mənasını verir və bu söz elə bir anlayışdır ki, bütün fənlərin içərisinə edilə bilir. Necə ki, insanlardan məntiqi bacarıqlar tələb edilir, o cümlədən də hər bir şagirdin analiz, təhlil bacarığı olmalıdır. Bunun üçün də ayrıca bir fənn kimi tədrisi yox, bütün fənnlərin daxilində, məzmun xətlərində bu anlayış öz əksini tapmalı, uşaqların deduksiya, induksiya qabiliyyəti önə çəkilməlidir”.