AZ

“Stəkanda fırtına” cəhdləri

Azərbaycan dili haqqında açılan müzakirələr qəribədir.

Azərbaycan ədəbi dili çox çətinliklə formalaşıb. XX əsrin əvvəllərində, çar Rusiyası dövründə Azərbaycan dili çox bərbad, heç bir ədəbi dil normaları olmayan xalq dili statusunda idi. Rusiya imperiyası özü də bunun marağında idi.

Mirzə Cəlilin “Anamın kitabı”nı xatırlayın.

Azərbaycan dili sovet hakimiyyətindən Azərbaycana qalan ən böyük və uğurlu mirasdan biridir.

Burada görkəmli dilçilərmiz Ömər Faiq Nemanzadə, Salman Mümtaz və digərlərinin misilsiz xidmətləri var. 

Ədəbi dil xalqın təşəkkülünü sübut edir, onun vahidliyini təcəssüm etdirir və dövlət quruculuğu potensialını göstərir.

Bu gün açılan müzakirələr isə tragikomediyadır.

Akademik elmi dairələrin müzakirə mövzusu olan bir məsələ dəxli olmayan adamların sayəsində ucuz şorba kimi paylanır.

Azərbaycan dili haqqında nə üçün Ayaz Salayev efirə çıxarılır? Danışdırılır?

Azərbaycan kinosu əvəzinə Azərbaycan dilindən danışan görkəmli kinorejissoru nə üçün urvatsız etməyə çalışırıq?

Məqsəd nədir?

Azərbaycan dili türk dillərindən biridir. Buna kim etiraz edir?

Amma Azərbaycan ədəbi dili özünün qrammatik sistemi, sintaksisi, vurğu, şəkilçisi, morfoloji sistemi ilə Azərbaycan xalqının rəsmi dilidir.

Bura Türkiyə türkcəsindən ayrı-ayrı sözlər keçə bilər. Bu, normadır. Vaxtilə yazıçı Mehdi Hüseyn "bu baxımdan" ifadəsini Türkiyədən götürərək Azərbaycan dilinə bağladı. Çox da uğurla alındı.

Amma heç bir halda dilin qrammatik sistemi təhlükə altına düşməməlidir.

Qonşu İranda yaşayan 30 milyonluq azərbaycanlı soydaşlarımza baxın. Onların ədəbi dili formalaşmayıb, ona görə də müxtəlif ərazilərdə müxtəlif şivə və vurğularda danışırlar.

Bu da, xalqın toparlanmasına mane olan ciddi faktordur.

Azərbaycan Respublikasında isə rəsmi ədəbi dilin normaları bütün ölkə üzrə tələb olunandır. Şimaldan tutmuş Cənuba qədər vahid orfoepiya və sintaksis, Ahəng qanunu, vurğunu yönəldir.

Azərbaycan məktəblərində dərs deyən 10 minlərlə müəllim ədəbi dilin qaydalarını bu sistem üzrə şagirdlərə öyrədir. Azərbaycan ədəbiyyatı hazırkı ədəbi dil üzrə yazılır, incəsənət bunun üzərində durur.

Ölkənin daha vacib problemləri qala-qala “stəkanda fırtına” cəhdləri qüssəli mənzərə yaradır.

Seçilən
20
vaxt.az

1Mənbələr