AZ

"Gənclərin dili bərbad gündədir, təəssüf ki, bu, düşünülmüş addım deyil"—Yazıçı

““Təhlükə” sözü milli damarımıza "basıb". Haqlı saydığım və saymadığım çoxlu fikirlər var. Əslində, günlərcə danışa biləcəyimiz mövzudur. Müşahidə etdiyim bir şeyi qeyd etmək istərdim. Türkcədə heç bir təhlükə görməyən insanların əksəriyyətində türkçülük, turançılıq ideyalarına söykənməkdən daha çox gücə tapınmaq meyilləri görünür: Türkiyə daha böyükdür, daha güclüdür və onun yanında olmaq, onun ədəbi dilini qəbul etmək lazımdır, vacibdir, zəruridir. Yoxsa, batacağıq”. 

Bunu Demokrat.az-a açıqlamasında yazıçı Jalə İsmayıl deyib.

O qeyd edib ki,  balaca ölkələrin balaca adamları dərdindən qurtulanda dilimiz də mənasız müzakirələrdən qurtulacaq:

“Bəli, saysız-hesabsız ləhcələrin yaşadığı Türkiyənin ədəbi dili bizim ədəbi dili sürətlə "yeyir". Bir dili bir dövlətlə bağlamaq – dost, düşmən axtarmaq, bu gün bizə lazım olan şey bu deyil. Seriallarla yaşayan kütlə həqiqətən də türkcəni bildiyini düşünür. Bir də görürsən, evdə anam atama serial tərcümə edir, özünə müzakirə yoldaşı axtarır. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinin arasında dərin dərələr olmayıb, olmayacaq. Amma tutuquşuluq da lazım deyil. Gənclərin dili bərbad gündədir. Təəssüf ki, bu, düşünülmüş addım deyil – təqliddir, şüursuzluqdur. Dilbilməz uşaq kimi gördüyünü mahiyyətinə varmadan təkrarlamaqdır. Qısa kəssək, dövlətin dil strategiyası olmalıdır. Dil nə qədər canlı varlıq olur olsun, lap özünütənzimləmə mexanizmi olsun, onu yönləndirmək lazımdır. Müxtəlif tarixi dövrlərdə ərəbcəyə, farscaya, ruscaya yönəlmələri yaxşı xatırlayırıq. Qaydalar sərt olmalıdır. Yol hərəkəti qaydaları kimi. Dil Komissiyası yerində ləğv edildi. Nadir düzgün qərarlardan biri idi. Funksional olmayan şeylər ləğv edilməlidir. Dilçilik İnstitutu belə bu gün Türkiyədə Türk Dil Qurumunun göstərdiyi fəaliyyətin yanından da keçmir. Çevik münasibət, elmi yanaşma yoxdur. Bizim guya dil bilənlərimizin də “kafası karışık”, necə deyərlər; kütlənin arxasınca gedib özlərini yaxşı kişi eləsinlər, yoxsa milli iradə göstərib, elmi sübutlarla kütləyə sinə gərsinlər.  Azərbaycan dili xilas edilməlidir. Və bunu sadəcə dövlət edə bilər”.

Leyla Turan
Demokrat.az
Seçilən
2
1
demokrat.az

2Mənbələr