AZ

Xətaidə istilik yoxdur, adamlar donur - İH-dən gülünc açıqlama

Xətai rayonunun bir hissəsində ötən gündən – havaların kəskin soyumasından sonra istilik kəsilsə də, Xətai Rayon İcra Hakimiyyəti “problem olmadığını” deyir.

Axar.az-a danışan Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, fövqəladə vəziyyət yaranıb, bəzi yerlərdə fəsadlar meydana gəlir, yerində araşdırırıq, ancaq istiliklə bağlı hər hansı problemin yarandığı ilə bağlı bizə demək olar ki, müraciət daxil olmayıb.

P.İmanov iddia edib ki, bəzən hansısa binada istiliklə bağlı problem yaranır, gedib araşdırırlar, məlum olur ki, vətəndaşın mənzilinə istilik gəlmirmiş:

“Bu yaxında ötürücü borularda meydana gələn qəzanın özüm şahidi oldum və dərhal vəziyyəti nəzarətə götürdüm. Başçı müşavirə keçirib, xəbərdarlıq edib, biz də bu məsələlərə daha diqqətlə yanaşırıq və bildirirəm ki, “Xətai rayonunda istilik yoxdur” məsələsi tamamilə doğru deyil”.

P.İmanovun diqqətinə çatdırırıq ki, Xətai rayonunun Gəncə prospekti 22, 24, 26, 28, 30 və 32-ci binalarda ötən gün axşam saatlarından istilik kəsilib. İstiliyin kəsilməsinin səbəbi ilə bağlı heç nə deyilmir. Sakinlərin müraciətindən sonra bildirilib ki, problem mərkəzdədir (qazanxanada), aradan qaldırılması üçün işlər gedir.

Qazanxanada problem varsa, demək, bir neçə bina deyil, ən azı bir məhəllənin istiliyi yoxdur.

Sözügedən ərazi isə “Azəristiliktəchizat” ASC-nin əsas binasının 200 metrliyindədir.

Xətai RİH-in məsul əməkdaşının bir neçə binanın və bir neçə min insanın evində istiliyin kəsilməsindən xəbəri olmaması, əksinə, bunu təkzib etməyə çalışması isə ya saxtakarlıq, ya da işinin məsuliyyətini dərk etməmək və yalan danışmağa bir növ adətkərdə olmasından qaynaqlanır.

Seçilən
8
axar.az

1Mənbələr