AZ

Qış aylarında infeksion xəstəliklərdən qorunmaq üçün TƏBİİ ÜSULLAR

Qış mövsümündə, xüsusilə ictimai nəqliyyatda sıxlıq zamanı infeksion xəstəliklərin yayılma riski artır. 


Bəs özümüzü ictimai nəqliyyatdakı infeksiyalardan necə qorumalıyıq?

 

Sfera.az bildirir ki, tibbi maska istifadə etməklə yanaşı, infeksiyalardan qorunmaq üçün bir sıra təbii metodlardan da istifadə edilə bilər.


İlk növbədə immunitet gücləndirilməlidir. Güclü immun sistemi orqanizmi infeksiyalara qarşı qorumaqda əsas rol oynayır. Bunun üçün C vitamini baxımından zəngin olan portağal, limon, kivi, göyərtilər, habelə sink və dəmir tərkibli qidalar istehlak edilməlidir. Sarımsaq, soğan və bal kimi təbii antibiotiklər də orqanizmi viruslardan qoruyur .Həmçinin fiziki aktivlik immuniteti gücləndirir və bədənin infeksiyalarla mübarizə aparmasını dəstəkləyir. Gündə 7-8 saat yatmaq da bədənin bərpası və infeksiyalara qarşı daha möhkəm olmasını təmin edir. Stress immuniteti zəiflədə bilər. Rahatlaşdırıcı məşqlər, meditasiya və təmiz havada gəzintilər stress səviyyəsini azaltmağa kömək edir.


Bunlardan əlavə, gigiyena qaydalarına riayət edilməlidir. Belə ki, sabun və su ilə əlləri daim yumaq vacibdir. Xüsusilə ictimai yerlərdə spirt tərkibli dezinfeksiya vasitələrindən istifadə edilməlidir. Qapalı məkanlarda virusların yayılmasının qarşısını almaq üçün ev və iş yerlərində qapı və pəncərələri mütəmadi açaraq otaqları havalandırmaq lazımdır. Quru hava tənəffüs yollarını qıcıqlandıra bilər. Otaq nəmləndiricilərindən və ya su dolu kasalardan istifadə edərək havanın nəmliliyini artırmaq olar. Həmçinin evkalipt, çay ağacı və lavanda yağı antibakterial və antiviral xüsusiyyətlərə malikdir. Bu yağları suya əlavə edərək buxarladıcı cihazlarla istifadə etmək mümkündür.


Qış aylarında infeksiyalardan qorunmaq üçün sadə və təbii metodlardan istifadə etmək də mümkünüdür.


Belə ki, zəncəfil antibakterial və iltihabəleyhinə təsiri ilə immuniteti gücləndirir. Bir çay qaşığı zəncəfil tozunu bir qaşıq balla qarışdırıb gündə bir dəfə qəbul etmək faydalıdır. Təbii antibiotik kimi tanınan sarımsaq və soğan bədəni viruslardan və bakteriyalardan qoruyur. Hər gün çiy və ya yeməklərə əlavə edilərək istehlak edilə bilər. Evkalipt, nanə-limon, adaçayı və çobanyastığı çayları tənəffüs yollarını açır, bədəni isti saxlayır və infeksiyalarla mübarizə aparmağa kömək edir. Qara turpun içini oyub bal əlavə etdikdən bir neçə saat sonra içərisində faydalı maddələrlə zəngin bir maye əmələ gəlir. Bu qarışım öskürəyə və boğaz iltihabına qarşı effektivdir.

 

Nəticədə, qış aylarında və ictimai nəqliyyatda infeksiyalardan qorunmaq üçün yalnız tibbi maskadan istifadə etmək kifayət etmir. İmmuniteti gücləndirmək, gigiyena qaydalarına riayət etmək və xalq təbabətinin effektiv üsullarından yararlanmaq sağlamlığınızı qorumaqda mühüm rol oynayır. Təhlükəsiz və sağlam qış mövsümü keçirmək üçün bu tədbirləri gündəlik həyatınıza daxil etmək tövsiyə olunur.

 

Firuzə Əliyeva
 

Seçilən
9
sfera.az

1Mənbələr