AZ

Beyləqanda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi - Fotolar

Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 Fevral-Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, icra hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, RİHBA-nın əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 21 Fevral-Ana Dili Gününə həsr olunmuş “Ana dilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda videoçarx nümayiş olunub.

Beyləqan RİH-in başçısı Əziz Əziziv tədbiri giriş nitqi ilə açaraq Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən, bu günün əhəmiyyətindən danışıb. Ə.Əzizov ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Rayon rəhbəri Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən, ölkəmizdə dil quruculuğu sahəsində qəbul edilən Fərman və Sərəncamların əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Yuxarı Aran qəsəbə tam orta məktəbinin direktoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Sahilə Fərmanova və Birinci Şahsevən kənd 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşidə Allahverdiyeva Azərbaycan dilinin keçdiyi tarixi inkişaf prosesinə nəzər salıb, onun zənginliyindən danışıblar.

Tədbirdə həmçinin Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın mühüm əhəmiyyəti diqqətə çatdırılıb, dövlət idarəçiliyində, mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasının vacibliyi vurğulanıb.








Seçilən
43
qafqazinfo.az

1Mənbələr