AZ

Dörd boksçumuz Rumıniyada yarımfinala yüksəldi

Rumıniyada keçirilən “Drakula Open” beynəlxalq turnirində iştirak edən Azərbaycanın daha 4 gənc boksçusu yarımfinala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Boks Federasiyası yayıb. 

Yığma üzvlərindən Zidan Hümbətov (54 kq) Roman Spaka (Moldova) ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Daniel Turcanla (Moldova) qüvvəsini sınayacaq.

Sübhan Babayev (57 kq) Vasileios Vasileidası (Yunanıstan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanıb. O, növbəti döyüşdə Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.

Mircəlal Mirağayev (80 kq) Alexandru Şurtdan (Rumıniya) üstün olub. Boksçumuz görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Mirağayev finala gedən yolda George Balanla (Rumıniya) münasibətinə aydınlıq gətirəcək.

Məhəmməd Cəfərov (+92 kq) da turnirə qələbə ilə başlayıb. O, ilk raundda Razvan Çiforu (Rumıniya) tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti görüşdə ukraynalı Volodimir Derkaçla gücünü sınayacaq.

Yarımfinala yüksələn Azərbaycan boksçuları özləri üçün minimum bürünc medalı təmin ediblər.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də baş tutacaq.

Seçilən
18
8
fanat.az

9Mənbələr