Yücel Karauz: Türkiyə Azərbaycanın razılığı olmadan Ermənistanla mövcud əlaqələrin yaxşılaşdırılması ilə bağlı addımlar atmayacaq
Türkiyə və Ermənistanın nümayəndələri Vyanada iki ölkə arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. Görüş ATƏT-in Parlament Assambleyasının 20-ci Qış Sessiyası çərçivəsində baş tutub. Tərəflərin görüşündə regional nəqliyyat-kommunikasiyalarının açılması məsələsi də nəzərdən keçirilib.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz “Sherg.az”a söyləyib ki, ATƏT-in Parlament Assambleyasının toplantısında Türkiyə-Ermənistan parlamentlərarası qrup arasında görüşmə reallaşıb:

“Bu isə parlament toplantılarında qarşılıqlı dialoq şəklində edilən sıradan bir görüşdür. Sözügedən görüşdə müzakirə edilən mövzular isə iki ölkə arasında normallaşma prosesi və Azərbaycanla Ermənistanın sülh sazişinə gedən müddətidir. Lakin parlamentlərarası qrup siyasət müəyyənləşdirici və icraçısı deyil. Bundan daha önəmlisi isə ötən həftə Münhen Təhlükəsizlik Konfransında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşməsidir. Ceyhun Bayramov Feridun Sinirlioğluya Azərbaycan-Ermənistan arasında olan atəşkəs və sülh sazişiylə bağlı görülən işlərdən danışdı. Rəsmi İrəvan Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşma müddətinin çox sürətlə baş tutduğunu göstərməyə çalışır. Lakin Türkiyə Ermənistan münasibətləri iki ölkə arasında olan özəl təmsilçilər vasitəsilə aparılır. Eyni zamanda Türkiyə Ermənistan əlaqələri prezident İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan arasında görüşülür. Türkiyə Azərbaycanın razılığı olmadan Ermənistanla mövcud əlaqələrin yaxşılaşdırılması ilə bağlı addımlar atmayacaq”.