AZ

Müəllimlərin maaşını artırmaq üçün sayını azaltmaq LAZIMDIR?

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin maaşlarının artacağını, lakin bununla paralel olaraq təhsilverənlərin sayının azalacağını açıqlayıb.

Qeyd edək ki, hazırda sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1295 manat, digər uğur qazanan müəllimlərin maaşı isə 980 manat təşkil edir.

Hazırda ölkə üzrə 64901 müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib və onlardan 55510 nəfərin maaşına əlavələr olunub. Müəllimlərin maaşı onların tədris etdiyi dərs saatlarından birbaşa asılıdır.

Ancaq "daha az müəllim, daha çox maaş" prinsipi ilə müəllimlərin maaşının artması hər kəs tərəfindən müsbət qarşılanmır. Təhsil ekspertlərindən bəziləri müəllimlərinin maaşının artırılması üçün alternativ yolların tapılmalı olduğunu düşünür.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev Modern.az-a açıqlamasında deyir ki, təhsil sahəsində attestasiyanın olması vacibdir: "İndi biz attestasiya etmirik, sertifikasiya edirik. Hər bir müəssisə öz əməkdaşlarını yoxlamalıdır. Müəssisələr mədəniyyət daşıyıcısıdır. Orada inkişaf mühiti olmalıdır, insanlar bunu görməlidir. Bu olmayanda insanlar bunu stimllaşdıran stimul olmayanda yenilik olmur”.

Onun sözlərinə görə, təshvilverənlərin sertifikatlaşdırılmsı təhsil müəssisələrinin yenilənməsinə səbəb olur:

“Sertifikasiya imtahanlarından sonra müəllimlərdə tərpəniş oldu, öyrənməyə başladılar. Sertifikasiyada ixtisas suallarından çox onların peşə bacarıqlarını öyrənmək üçün suallar var. O baxımdan sertifikasiyanı müəssisələri yeniləmək üçün vacib hesab edirəm. Bir zamanlar müəllim növbəti ilin dərsinə hazırlaşıb məktəbə gedirdi. Müəllimin öyrənməsi bundan ibarət olurdu. Amma cəmiyyət dəyişir, müəllimlərdən tamam başqa şeylər tələb olunur. Uşaqların inkişafı onu tələb edir, uşaqlar rəqəmsallaşır. Əgər müəllim özünü təkmilləşdirmirsə, uşağa cavab verə bilməyəcək. Əgər uşaq müəlliminin onunla eyni cür düşündüyünü görmürsə, bu zaman öyrənmə prosesi baş vermir. Buna görə də müəllimlərimiz davamlı təkmilləşməlidir, akkreditasiya da buna şərait yaradır”.

R.Dünyamalıyevin sözlərinə görə, 20 ildir məktəblərdə toplanmış kadr var idi ki, heç kim onların hanı üsullarla oraya yerləşdiyini bilmirdi:

“Gördünüz ki, həmin kadrlar uyğun olmadıqları üçün işdən kənarlaşdırıldı. Azərbaycanın gələcəyini sevən, dövlət üçün çalışan heç kim istəməz ki, gələcəyi təşkil edəcək övladlara hansısa savadsız müəllim dərs desin. Bu Azərbaycana qarşı ən böyük xəyanət olar. Bəzi müəllimlər inciyir, küsür, şikayət edir. Amma Azərbaycanın gələcəyi üçün bunu etməliyik. İşləməyən orqanı atmaq lazımdır ki, xəstəlik yayılmasın”.

Müsahibimiz qeyd edib ki, sertifikasiya müəllimlərin əməkhaqqlarının yüksəlməsinə təkan verir:

“Məktəblərimizdə əməkhaqqları saat hesabına alınır. Sistemdə müəllim çox olduğuna görə saat hesabı dəyişilə bilmir. Dərs saatları bütün müəllimlər arasında bölünür. Ona görə də əməkhaqqları artmır. Biz dərs saatını dəyişə bilmərik. Amma müəllim sayını azaltmaqla onlara düşən saatları artıra, bu yolla da əməkhaqlarının artırılmasına nail ola bilərik. Məktəblərimizdə müxtəlif yollarla çox müəllim yerləşdirildiyi üçün mövcud dərs saatları müəllimlər arasında böldükdə onlara daha az saat və əməkhaqqı düşür. Sertifikasiya nəticəsində məktəbdə öyrənmə mühiti artır, eyni zamanda müəllimlərin əməkhaqqında artım olur. Tədris prosesinə uyğun olmayan müəllimlərin saatlarının digərlərinə verilməsi də onların əməkhaqqlarına müsbət təsir edəcək”.

Seçilən
0
modern.az

1Mənbələr