AZ

Fuad Muradov: Azərbaycanın diaspor təşkilatları son illərdə çox böyük uğurlar əldə edib

Düsseldorf, 21 fevral, AZƏRTAC

Düsseldorf və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri ilə görüşümüz çox səmərəli oldu. Azərbaycan Prezidentinin tapşırığı ilə həyata keçirilən diaspor siyasəti uğurla davam edir və hər bir soydaşımız bu işə öz töhfəsini verir. Bu tədbirdə də xüsusi vurğulandı ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycan dövlətinin yanındadırlar, ölkəmizdə gedən prosesləri diqqətlə izləyir, həyata keçirilən siyasəti və aparılan islahatları dəstəkləyirlər.

Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri ilə görüşdə AZƏRTAC-a müsahibəsində deyib.

Fuad Muradov Avropada ən böyük Azərbaycan icmasının məhz Almaniyada olduğunu deyib: “Diasporla İş üzrə Dövlət Komitəsinin məqsədi soydaşlarımızın birliyinə nail olmaq, onların birgə fəaliyyətinə dəstək vermək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Bu işdə Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq həyata keçirilən siyasət öz bəhrəsini verir. Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətlərinə nəzər yetirdikdə son illərdə onların çox böyük uğurlar əldə etdiklərini görə bilərik”.

Bütün dünyada Azərbaycanın diaspor təşkilatlarının çox fəal olduğunu deyən Komitə sədri bu baxımdan Almaniyadakı diasporumuzun fəaliyyətini xüsusi vurğulayıb. “Almaniyada azərbaycanlılarla yanaşı, dost ölkələrin icmalarının üzvləri, o cümlədən türk icması da müxtəlif tədbirlərdə fəal iştirak edir, dəstək verirlər. Almaniyada yaşayan soydaşlarımıza təşəkkürümü bildirmək istəyirəm ki, onlar daim belə tədbirlər keçirir və bizi də dəvət edirlər”.

Tədbirdə gələcək planların da müzakirə edildiyini diqqətə çatdıran Fuad Muradov Avropada ən çox Azərbaycan Evinin məhz Almaniyada olduğunu vurğulayıb, yaxın gələcəkdə onların da sayının artacağına əminliyini bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Düssseldorf

Seçilən
36
azertag.az

1Mənbələr