Düsseldorf, 21 fevral, AZƏRTAC
Düsseldorf şəhərində təşkil olunan bu tədbirlə bağlı təəssüratım çox yüksəkdir. Xaricdə yaşayan azərbaycanlıları bir araya gətirən belə tədbirlərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirirəm. Bu tədbirlərdə çox gözəl vaxt keçirməklə yanaşı, soydaşlarımızla tanış olur, gələcək planlarımızı müzakirə etmək imkanı əldə edirik.
Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Düsseldorf və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri ilə keçirdiyi görüşün iştirakçısı Köln Universitetinin tələbəsi və həmin universitetin nəzdində fəaliyyət göstərən “Kaspi” tələbə cəmiyyətinin sədri Nəzrin Əliyeva AZƏRTAC-a müsahibəsində deyib.
Nəzrin Əliyeva xaricdə yaşayan azərbaycanlılar arasında əlaqələrin gücləndirilməsi baxımından belə tədbirlərin çox faydalı olduğunu qeyd edib: “Hər bir azərbaycanlı üçün doğma Vətənimiz kimi, həmyerlilərimiz də çox əzizdir. Biz Vətənimizdən uzaqdayıq. Ona görə də digər soydaşlarımız kimi, biz tələbələr də bu cür tədbirlərdə böyük məmnuniyyətlə iştirak edirik. Çünki bu, diasporumuzun üzvlərini tanımaq, əlaqələr qurmaq üçün çox vacibdir. Xaricdə yaşayan azərbaycanlılar arasında əlaqələri gücləndirmək, ölkəmizi uğurla təbliğ etmək üçün bu cür tədbirlərin daha sıx keçirilməsini arzu edirik”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Düsseldorf