Savadı və vicdanı olan istənilən dilçi təsdiqləyər ki, həqiqətən də Türkiyə türkcəsi Azərbaycan dilini zədələyir. Bu, akademik məsələdir, siyasətə, geosiyasətə, İrana, Rusiyaya, Türkiyəyə dəxli yoxdur. İnsanları qıcıqlandıran odur ki, niyə bunu rusdilli Ayaz Salayev deyib. Bəlkə ona görə ki, rusdilli olmayan Sabir Rüstəmxanlı siyasətçiliyinə salaraq, deməyib?! Əslində şair-yazıçı Sabir Rüstəmxanlı deməli idi bunu. Əsərlərini yazdığı dili qorumaq onun borcudur. Həm də ona görə ki, bu cür davam edərsə, 15-20 ildən sonra Azərbaycanda Sabir Rüstəmxanlının yazdığı dildə yazan, danışan, oxuyan qalmayacaq.
Amma Sabir Rüstəmxanlı ədib kimi yox, siyasətçi kimi davranıb və dilin assimlyasiyasına qahmar çıxıb. Həqiqəti demək düşüb Ayaz Salayevin boynuna. O isə rusdilli olduğu üçün dedikləri ilan-qurbağa kimi görünür sosşəb icmasının gözünə.
Bu yerdə "ad home" prinsipi dövrəyə girir. Yəni: şəxsiyyəti şübhəli adam həqiqəti deyirsə, biz onun şəxsiyyətinə görə dediyini rədd etməliyikmi?
Məşhur misal var: Adolf Hitler itləri çox sevib, onların haqqında çoxlu xoş sözlər deyib. İndi Hitler deyib deyə, itlərə nifrət etməliyikmi?
Həqiqət kimin deməsindən asılı olmayaraq, həqiqətdir. Bu halda həqiqət odur ki, dilimiz təhlükə qarşısındadır. Ona sahib çıxaq, yaşatmağa çalışaq.
Məqalə Vüsal Məmmədovun sosial media.hesabından götürülüb.