AZ

Xəyalların rəngi

Bu günlərdə gənc şair Taleh Cavadın ”Xəyalların rəngi” adlı şeirlər kitabı işıq üzü görüb. Kitab Xalq şairi Nərman Həzənzadənin məsləhəti, “Ulduz jurnalı”nın şöbə redaktoru, şair Dayandur Sevginin redaktorluğu və Əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağların ön sözü ilə ərsəyə gəlib. İnanırıq ki, ədəbi və pedaqoji fəaliyyəti paralel aparan gənc ədibin ilk kitabı oxucular tərəfindən maraqla qarşılanacaq.

Taleh Cavad (Cavadov) Gülbaba oğlu 1 iyul 1995-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Uşaqlıq və məktəb illəri (2001-2012-ci illər) həmin kənddə keçib. Orta məktəbi bitirən ili də Sumqayıt Dövlət Universitetinin kimya- biologiya fakültəsinə qəbul olub və oranı uğurla bitirərək biologiya müəllimliyi ixtisasına yiyələnib. 2016-2017-ci illərdə Goranboy rayonunun N saylı hərbi hissəsində xidmət olub. 2017-ci ildə təyinatla İmişli rayonunun Kürdmahmudlu kənd tam orta məktəbində biologiya müəllimi kimi əmək fəaliyyətə başlayıb. 2018-ci ildən isə iş yerini dəyişərək İmişli rayonunun R. Məmmədov adına Əliqulular kənd tam orta məktəbində ixtisası üzrə fəaliyyətini davam etdirir. Müəllim kimi uğurlu fəaliyyəti həmişə təqdir olunub. Gənc Müəllimlər Assosiasiyasının aktiv üzvlərindən biridir.

Taleh müəllim “Mən bir müəlliməm” layihəsində “Müəllimliyi qısa olaraq necə ifadə edirsiniz?” sualına belə cavablandırıb:

“Müəllimlik ədalətlilik, humanistlik və tələbkarlıq kimi keyfiyyətləri özündə birləşdirən sahədir. Yüksək savad, intelektual səviyyə, idarəçilik və təşkilatçılıq tələb edir”.

Onda ədəbi yaradıcılığa maraq orta məktəb illərindən başlayıb. Yazdığı şeirləri sinif yoldaşlarına oxuyub, onlarda şeirə qarşı maraq yaradıb. Bu həvəs Universitet illərində daha mükəmməl və yeni bir istiqamət alıb. İlk imza şirinliyini Sumqayıt Dövlət Universitetinin rəsmi qəzetində görüb. Tale elə gətirib ki, tələbə ikən otaq yoldaşı Asim Arazlı (Allah rəhmət eləsin!) ədəbiyyat həvəsli, yazıb-yaradan bir həmkarı olub. Onun ilk və sevilən “Tənhalıq mənim dostumdur” adlı irihəcimli əsəri Talehin qəlbində böyük arzular yaradıb və tələbə yoldaşı ilə bu sevgi-sevinci birgə yaşayıb. Ədəbi dərnəklərdə oxuduğu şerlər haqqında müsbət rəylər, müxtəlif qəzet və İnformasiya Portallarında çap olunan şerləri Taleh Cavadı şair kimi tanıdıb.        

Onun yaradıcılığı mövzu rəngarəngliyi aydın sezilir. “Şəhidlər” şeirində vətənpərvərlik, yurd-yuva həsrəti, doğma Vətən, Şəhidlik Zirvəsinə ehtiramı aydın görürük:
 

Son damla qanacan savaşmaq üçün,

Dağları, daşları bir aşmaq üçün,

 Laçına, Şuşaya qovuşmaq üçün,

Qətiyyət andını içdi, Şəhidlər!


Şair valideyn haqqını həmişə uca bilib, qəlbində ona ehtiram yaşadır. Ata- anaya olan məhəbbətin sonsuzluğu Taleh Cavadlının qəlbində xüsusi bir anlamda səslənir. Anırsan ki, onların haqqı danılmaz, sevgisi unudulmazdır:


Bu çətin həyatda hər zaman mənə,

Vermisən nə qədər nəsihət, ata.

 Hər kəlmən yenilməz dayaq olaraq,

 Qəlbimə bəxş edib cəsarət, ata.

 

Ömür qapısını qocalıq döymə,

Anamın qamətin nə olar əymə,

Gəlib məni qocalt, anama dəymə,

Nə olar anamı qocaltma, dünya!


Taleh Cavad yaradıcılığında sevgi, məhəbbət şerləri xüsusi yer tutur. Oxuduqca hiss edirsən ki, insanın dünyaya, həyata, təbiətə və insanlara sevgisi tükənsə, yaşaya bilməz. Bu istiqamətdə şairin bir çox şeirləri var. Bu qəbildən “Sevgi ilə yaşayanlar” şerində məhəbbəti həyat-yaşam amalı bilib, o qədər güclü sayır ki, hətta insanı odun-alovun içərisinə yön edən və ürəkləri birləşdirən körpü kimi göstərir:


Məhəbbət nə qədər güclü olarmış,

Odun içinə də atarmış bizi.

 Ürəkdən ürəyə körpü salarmış,

Aşıb daşdırarmış sevincimizi.


Gənc şairin yaradıcılığı göstərir ki, onun qəlbi, ruhu sevgi ilə doludur. Haqq yerində deməyiblər ki, sairin təbi ya sevgidən, ya da dərddən coşa gəlir. Onun fikirlərinin sadə dildə, anlaqlı olması yaradıcılığına xüsüsi bir şirinlik verir.

Taleh Cavada gələcək yaradıcılıq işlərində uğurlar arzu edirik. İnanırıq ki, şairin  poetik düşüncə və duyğularını əks etdirən “Xəyalların rəngi” adlı ilk şerlər kitabı oxucuların zövqün oxşayıb, sevgi ilə qarşılancaq.


Səxavət TAĞLAR,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı

Seçilən
14
modern.az

1Mənbələr