“Onun buradan getməsi mənim üçün gözlənilməz olmadı”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.
Bilindiyi kimi, "Şamaxı"nın hücumçusu Belaydi Pusi karyerasını Rusiyada davam etdirəcək.
Albaniyalı forvard "Fakel"ə keçib. 27 yaşlı legionerlə 3 illik müqavilə imzalanıb.
Belaydi Pusi mövsümün əvvəlindən "Şamaxı"da çıxış edirdi. Bölgə klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
A.Abbasov alban hücumçunun gedişinin komandaya təsir edəcəyini, bununla belə, toparlanmağa çalışacaqlarını bildirib:
“Pusiyə son vaxtlar xeyli təklif gəlmişdi. Bizim onun aldığı dəvətlərdən xəbərimiz var idi.
Ona görə də getmək istəməsinə təəccüblənmədik. Ən yaxşı təklifi “Fakel“ etdi.
Pusini yaxşı başa düşürük. Rusiya klubunun maliyyə şərtləri kifayət qədər yüksəkdir.
Getmək fikrinə düşən futbolçunu zorla saxlamazlar.
Eni zamanda, deməliyəm ki, bu transferdən yalnız Pusi qazanmadı. Ruslar klubumuza da təzminat ödəyəcək.
Əlbəttə, o, bizim aparıcı futbolçumuz idi, komandaya çox kömək edirdi. Biz məşqçiyik və çalışacağıq ki, bu boşluğu hiss etdirməyək.
Digər hücumçularımız var, onlara şans verəcəyik“.