AZ

Bu, Rusiyanı və onun "təsir agentlərini" narahat edir – ÖZƏL

Kinorejissor Ayaz Salayevin dilimizlə bağlı fikirləri ciddi müzakirələrə səbəb olub. Baku TV-də Elçin Əlibəylinin verilişində Sabir Rüstəmxanlı ilə Ayaz Salayev arasında anlaşılmazlıq yaranıb. Ayaz Salayev Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini bildirib.

Daha sonra o, "Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq "kasaba" deyirlər, "qəsəbə" sözünü işlədən yoxdur"- deyib. 
Bu fikir Sabir Rüstəmxanlının xoşuna gəlməyib və o, etirazını bildirib: "Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?".

Bir millətin dilinə yaxın olan başqa bir dili "təhlükə" kimi görmək nə dərəcədə əsaslı yanaşmadır? Bu baxış dilin təbii inkişafına və mədəni inteqrasiyaya maneə yarada bilərmi?

Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin bildirib ki, kinorejissor Ayaz Salayev son vaxtlar Azərbaycan-Rusiya münasibətlərinin gərginləşdiyi bir vaxtda gündəmdə rus maraqlarını müdafiə edən növbəti "təsir agentləri"ndən biridir:

"Biz vaxın vaxtlarda Rusiyanın açıq və ya gizli şəkildə maraqlarını müdafiə edən, hətta rus təəssübkeşliyilə "katolikdən çox xristian" olan belə ziyalılarımıza da tez-tez rast gələ bilərik. Çünki Bakıda "Rus Evi"nin bağlanması bu cür gizli hücrələri bir növ oyadıb. Onlar həm bağlı olduqları siyasi düşüncənin, həm də özlərinin şəxsi mənafelərini qorumaq baxımından  açıq hücuma keçiblər. Ayaz Salayev isə hətta o qədər irəli gedir ki, Azərbaycan məktəblərinin də olmasına etirazım yoxdur, deyir. Bu cür yanaşma bizim müstəqil dövlətçiliyimiz üçün, ana dilimiz üçün əsas təhdiddir. Azərbaycan dövlətinin və xalqının pulları yalnız Azərbaycan dilinin inkişafına xərclənməlidir, rus məktəblərinin isə Azərbaycan dövlətinin maliyyə hesabına maliyyələşməsi doğru deyildir. Bakıda Anadolu liseyi, Bakı Atatürk liseyi kimi Türkiyənin də məktəbləri fəaliyyət göstərir. Bu liseylərin heç biri Azərbaycan dövlətinin maliyyəsi hesabına fəaliyyət göstərmir. Hesab edirəm ki, "bir millət, iki dövlət" qədər yaxın olduğumuz bir qardaş ölkənin məktəbləri belə Azərbaycan dövlətinin maliyyəsi hesabına fəaliyyət göstərməsi də doğru olmazdı. Təkrar edirəm, Azərbaycan dövlətinin və xalqının maliyyəsi yalnız Azərbaycan dilinin inkişafına xərclənməlidir".  

İlqar İlkin Ayaz Salayevin türk dilinin bizə "təhlükə" yaratması ilə bağlı fikirlərinə də münasibət bildirib. O, qeyd edib ki, kinorejissor bu məsələyə də daha çox siyasi aspektdən yanaşır:

"O rus dilini təhlükə kimi yox, türk dilini əsas təhlükə kimi görür. Bu anlaşılandı əslində. Artıq 15 ildir ki, Türk Dövlətləri bir birlik olaraq, fəaliyyyət göstərirlər. Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) çatısı altında bütün türk dövlətləri ortaq əlifba, ortaq dil, ortaq tarix və mədəniyyət məsələlərini həll edirlər. Ortaq tarix və ədəbiyyat dərslikləri hazırlanır. Türk dilinin inkişafı və arealının genişlənməsi əslində rus dilinin öz hüdudlarına çəkilməsi ilə nəticələnəcək. Nəhayət, Rusiyanın böyük ərazilərində əsasən türk millətindən olan xalqlar yaşayır. Onların dilləri rus dili vasitəsilə assimilyasiya olunub. Bu gün bütün bölgədə artan türk dilinin nüfuzu vadar edir ki, rus dilinə, onun təsir dairəsinə həmin xalqlar yenidən baxsın. Niyə Rusiyada yaşayan türkdilli xalqların öz ana dilində təhsil haqları olmasın ki? Hesab edirəm ki, bu məsələlər bir gün həmin xalqların özləri tərəfindən də bərkdən səsləndiriləcək. Ortaq bir Türk dili var və hər bir ölkədə sözləri başqa şivədə tələffüz edə bilərlər. Lakin bizim vahid bir türk dilimiz var və o bu gün qarşısıalınmaz inkişaf mərhələsindədir. Hesab edirəm ki, Rusiyanı və onun "təsir agentləri"ni də elə bu narahat edir. Qaldı ki, Ayaz Salayevin ziyalı mövqeyinə. Hesab edirəm ki, bir kinorejissor kimi heç vaxt milli mədəniyyətimizə, türk xalqları mədəniyyətinə onun heç bir xidməti də olmayıb. O bizə rus mədəniyyətini, xalqımıza yad mədəniyyəti təbliğ etməklə məşğul olub. O həm də, rus mədəniyyətini, öz xalqımızın mədəniyyətindən, tarixindən üstün tutan Rusiyanın yetişdirdiyi sonuncu nəsildir. Azərbaycan milli mədəniyyətinin inkişafında bu adamlarla bağlı tarixdə gözəl nəsə qalması da mümkün deyil".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr