AZ

Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin Aviasiya Təmir Zavoduna tanışlıq səfəri təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfərdə 17 ölkəni təmsil edən 22 hərbi attaşe iştirak edib. Qonaqlara əvvəlcə Aviasiya Təmir Zavodunun yaranma tarixi, inkişaf mərhələləri və hazırkı fəaliyyəti barədə ətraflı brifinq təqdim olunub. Bildirilib ki, zavodda hərbi aviasiya texnikasının texniki baxışı, təmiri və modernizasiyası həyata keçirilir. Həmçinin burada uzun illərin təcrübəsinə malik peşəkar mühəndislər, texniki işçilər və hərbi aviasiya sahəsində ixtisaslaşmış mütəxəssislər fəaliyyət göstərir.

Brifinqdən sonra hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Sonra nümayəndə heyəti zavodun istehsalat bölmələrini gəzərək təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər. Qonaqlar zavodda görülən işləri birbaşa müşahidə etməkdən məmnun olduqlarını bildirərək, burada tətbiq olunan texnologiyaları və mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndiriblər.

Seçilən
45
25
azertag.az

10Mənbələr