Bilən də, bilməyən də ağzına gələni danışır. Kimsə sözümü səhv başa düşübsə, bu, mənim günahım deyil. Oturub, dediklərimi təkrar dinləsinlər.
Kult.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a kinorejissor Ayaz Salayev son zamanlar qalmaqala səbəb olan fikirləri haqda danışarkən deyib.
O, rus dilini dəstəkləmədiyini vurğulayıb:
“Baxın, imkan varsa, xarici dildə məktəb yaratsınlar. İkinci dili bilməyin qəti ziyanı yoxdur. Hər kəs ən azı doğma dilimizdən başqa bir dil də bilməlidir. Bunun hansı dil olması isə önəmli deyil. Məsələn, ərəb dilinə maraq çoxdursa, ərəb dilində məktəb olsun, rusdursa rus, ingilisdirsə ingilis. Əsas odur, gənclər ikinci dili öyrənsinlər. Burada pis bir şey yoxdur. Mənim dediklərimi kim necə anlayır, özü bilər. Görünür, diqqətlə dinləmirlər”.
Qeyd edək ki, kinorejissor Ayaz Salayev “Baku Aktual” verilişində rus deyil, məhz türk dilinin Azərbaycan üçün təhlükə vəd etdiyini deyib. Onun bu fikirləri sərt etirazla qarşılanıb.