Fevralın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "TələbəPlus" kartı ilə bağlı infosessiya keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları universitet adından salamlayaraq layihənin tələbələrin sosial fəaliyyətlərindəki əhəmiyyətindən bəhs edib, ölkəmizdə tələbələr üçün geniş imkanların mövcud olduğunu qeyd edib. Təhsilin İnkişafı Fondunun həyata keçirdiyi layihələrin təhsilin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. O, Fondun fəaliyyətini yüksək qiymətləndirərək, bu sahədəki uğurların davamlı olacağına inandığını bildirib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsilin məzmunun inkişafı sahəsində görülən mühüm işlərdən və ölkə başçısının bu layihələrə göstərdiyi dəstəyini qeyd edib. Elnur Nəsibov həmçinin "TələbəPlus" layihəsinin yaranmasının ideyasından və məqsədindən danışıb. Eyni zamanda 23 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190 000 tələbənin "TələbəPlus" kartı ilə təmin edilməkdə olduğunu diqqətə çatdıraraq, bu siyahıya Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda yerləşən ali təhsil müəssisələrin də daxil olduğunu bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev çıxışında, ittifaqın fəaliyyətindən söz açaraq, ATİAHİ Respublika Komitəsinin yeni layihələrlə təhsilin inkişafını daim dəstəklədiyini, eyni zamanda ittifaq üzvləri üçün əlçatanlığı təmin etmək məqsədilə bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Araz Paşayev komitənin elm və təhsil sahəsində həyata keçirilən ən innovativ layihələri daim dəstəklədiyini bildirib. ATİAHİ Respublika Komitəsi ilə TİF arasında imzalanan əməkdaşlıq memorandumundan sonra daha sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. ATİAHİ Respublika Komitəsinin "TələbəPlus" təşəbbüsünə dəstək göstərməsindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.