AZ

HƏMAS 10 il həbsdə saxladığı israilliləri azad edəcək

HƏMAS İsraillə atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində sabah azad edəcəyi altı israilli məhbusun adlarını paylaşıb.

“Cebheinfo.az” xəbər verir ki, HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” Briqadalarının sözçüsü Əbu Ubeydə sabah keçiriləcək məhbus mübadiləsinin 8-ci turunda azadlığa buraxılacaq 6 israilli məhbusun Eliya Koen, Ömər Şem-Tov, Ömər Venkert, Tal Şoham, Avera Mengistu və Hişam əl-Sayed olduğunu açıqlayıb.

İsrail mediası Hişam əl-Sayed və Avera Mengistunun 10 ildən artıqdır ki, Qəzza zolağında əsir saxlanıldığını bildirib.

Digər tərəfdən, İsrail baş nazirliyinin mətbuat idarəsi yazılı açıqlama verərək HƏMAS-ın sabah sərbəst buraxacağı 6 nəfər İsrailli məhbusun adlarını aldıqlarını açıqlayıb. 

Qeyd olunur ki, bu barədə azadlığa buraxılacaq 6 məhbusun ailəsinə də məlumat verilib.

Xatırladaq ki, Qətərin vasitəçiliyi ilə yanvarın 15-də İsrail və HƏMAS arasında əldə olunmuş Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmaya görə, ilk 42 günündə 33 israilli və 1900-dən çox fələstinli məhbusun azadlığa buraxılması qərara alınıb.

HƏMAS indiyədək məhbus mübadiləsi çərçivəsində 19-u sağ və 3-ü ölü olmaqla 22 israilli məhbusu təhvil verib.

İsrail hökuməti HƏMAS-ın gələn həftə dörd israilli məhbusun cəsədlərini təhvil verəcəyini açıqlayıb.

Seçilən
16
cebheinfo.az

1Mənbələr