1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Milli Məclisin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov qurumun qış sessiyasında "Avropa təhlükəsizliyi" mövzusunda müzakirələrdə çıxış edib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, o, Azərbaycanın Helsinki prinsiplərinin pozulmasından əziyyət çəkmiş ölkə kimi ATƏT-in öz prinsiplərini qorumaqda uğursuzluğundan dərin məyusluq hissi keçirən ilk dövlətlərdən biri olduğunu bildirib:
"ATƏT-in daxilində və onun parlament müstəvisində bu uğursuzluğun səbəblərini hərtərəfli şəkildə araşdırmaq vacibdir. İkili standartlara və beynəlxalq hüququn seçmə yanaşma əsasında tətbiqinə son qoymaq lazımdır".
Q.Məmmədov deyib ki, insan hüquqlarından siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir:
"Bu, insan hüquqlarına ayrı-ayrı fərdi hüquq pozuntuları hallarından daha çox ziyan vurur. Məsələn, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlmək riyakarlıqdır. Sülhyaratma prosesində tərəflərin razılığı kimi universal prinsip qorunmalıdır. Vasitəçiliyin zorla qəbul etdirilməsi cəhdləri, BMT Baş Assambleyasının müvafiq qətnaməsi daxil olmaqla beynəlxalq hüququn pozulması deməkdir".
Deputat qeyd edib ki, ATƏT-in keçmiş Minsk qrupunu süni şəkildə saxlamağa çalışması münaqişə yaratmaq məqsədi daşıyır və sülhə xidmət etmir:
"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş bütün konkret nəticələr ikitərəfli formatda mümkün olub. Azərbaycan qalan məsələlərin xoş niyyət əsasında ikitərəfli şəkildə həllinə sadiqdir. Ermənistan da qarşılıqlı şəkildə siyasi iradə göstərməli və sülhə mane olan bütün əngəlləri aradan qaldırmalıdır. Beynəlxalq ictimaiyyət təcavüzkar müharibədən zərər çəkmiş dövlətləri təcavüzün fəsadlarını aradan qaldırmaqda yalnız qoymamalıdır".
Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Ermənistan minə yaxın yaşayış məntəqəsini dağıtmaqla və ərazisinin 13 faizini 3 milyon mina və partlamamış sursatla çirkləndirməklə Azərbaycana 150 milyard ABŞ dolları həcmində ziyan vurub:
"Bununla belə, təcavüzkar ölkə olan Ermənistan müxtəlif maliyyə dəstəklərindən bəhrələnir və bu yardımlarını yenidən silahlanma üçün sui-istifadə edir. Azərbaycana isə heç bir kömək göstərilmir. Nəhayət, ATƏT etimadın möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq məsələlərinə daha çox diqqət ayırmalıdır. Bağlantılılıq ATƏT-in fəal rol oynaya biləcəyi sahədir. Hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edən və ATƏT-in fəal iştirakçı dövləti olan Azərbaycan Asiya və Avropa arasında sinerjini təşviq etməyə hazırdır".