ABŞ Senatı cümə axşamı 51-49 səs fərqi ilə Kaş Pateli Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə təsdiqləyib.
Bununla da Patel ölkənin baş hüquq-mühafizə orqanının rəhbərliyinə təyin olundu. Patel büronun əsaslı şəkildə yenidən qurulmasına rəhbərlik edəcəyinə söz verib.
İki Respublikaçı – Senatorlar Suzan Kollins və Lisa Murkovaki Demokratlarla birlikdə Patelin təsqin edilməsinin əleyhinə səs verib. Ancaq Senatdakı digər Respublikaçıların dəstəyi ilə Patel cüzi fərq ilə qələbə çalıb və bir çoxları yeni FTB direktorunu dəyişiklik agenti adlandırıb.
“FTB son illərdə Amerika xalqı arasında etibarını itirib. Bunun bir hissəsi siyasətin FTB-nin mühüm işinə sirayət etdiyinə dair düşüncədən irəli gəlir,” Senatda çoxluq lideri Con Tun, cümə axşamım səsvermədən öncə deyib.
“Bizə bütün hüquq-mühafizə orqanlarının birlikdə işləməsi və diqqəti ölkəmizin üzləşdiyi real təhlükələrə yönəltməsi lazımdır” Tun deyib. “Mən FTB-nin dürüstlüyünü bərpa etmək və onun kritik missiyasına diqqət yetirmək üçün cənab Patel ilə işləməyi səbirsizliklə gözləyirəm.”
Patel keçmiş ictimai vəkil və federal prokurordur və daha öncə Trampın milli təhlükəsizlik üzrə müşaviri və Pentaqonda çalışıb.
Tramp noyabr ayında Patelin namizədliyini elan edən açıqlamasında onu “Həqiqətin, hesabatlılığın və Konstitusiyanın müdafiəçisi kimi çıxış edərək, Rusiya saxtakarlığının üzə çıxarılmasında mühüm rol oynaması”nı tərifləyib.
Ancaq Demokratlar dəfələrlə Patelin keyfiyyətlərini və dürüstlüyünü şübhə altına alıb, onu 6 yanvar 2021-ci ildə Kapitoliyə basqın etdiklərinə görə mühakimə olunanların bəzilərini “siyasi məhbuslar” kimi təsvir etməkdə və Trampın əleyhdarlarını mühakimə etməyə çağırmaqda ittiham ediblər.
FTB direktoru prezident tərəfindən təyin edilir və Senat tərəfindən 10 ildən çox olmayan müddətə təsdiq edilir.