İlon Mask və "xAI" rəsmi olaraq "Grok 3"ü təqdim ediblər. Yeni süni intellekt modeli real vaxt rejimində yenilənən bilik bazası ilə digər çat-botlardan fərqlənir.
Valyuta.az xəbər verir ki, İlon Maskın "xAI" startapı tərəfindən hazırlanmış "Grok" süni intellekt bazarında nisbətən yeni oyunçudur. Bununla belə, qısa müddət ərzində onun sadəcə bir generativ süni intellekt modeli deyil, məlumatların emalı, təhlili və yaradıcı tapşırıqların icrasında fərqli yanaşmaya malik inqilabi bir alət olduğu aydın olub.
"Grok"un əsas üstünlüklərindən biri real vaxt rejimində aktual məlumatlara çıxışının olmasıdır. Bu xüsusiyyət onu "ChatGPT" və digər rəqiblərindən fərqləndirir.
Mask X-da bir istifadəçinin şərhinə cavab olaraq bu fərqi xüsusi vurğulayıb:
"Grok 3"ün biliklərinin son yenilənmə tarixi yoxdur. GPT modellərindən fərqli olaraq, hansı ki, hər zaman bir və ya daha çox il geridə qalır, "Grok" daim aktualdır. Bu, əslində böyük bir məsələdir və daha ətraflı müzakirəyə layiqdir".
"Grok"un üçüncü versiyasının nə qədər aktual olduğu ilə bağlı verilən suala çat-bot belə cavab verib: "Biliklərim davamlı olaraq yenilənir, bu səbəbdən ən son məlumatlara sahibəm".
Bundan əvvəl "xAI" şirkəti "Grok 3"ün bütün istifadəçilər üçün pulsuz təqdim olunduğunu açıqlamışdı. Lakin bu imkan yalnız serverlərin yükə davam gətirdiyi müddətcə qüvvədə olacaq.
Maskın sözlərinə görə, "Grok 3" Yer kürəsindəki ən ağıllı süni intellektdir. Yeni modelin ilkin versiyası artıq riyaziyyat, elm və proqramlaşdırma sahələrində aparıcı testlərdə "ChatGPT", "DeepSeek" və digər rəqiblərini geridə qoyur.
"Grok 3"ün "OpenAI"ın "ChatGPT" modelinin son yeniləməsindən üstün olması süni intellekt bazarındakı rəqabəti daha da gərginləşdirə bilər.
Xatırladaq ki, İlon Mask 2023-cü ildə "OpenAI"a alternativ olaraq "xAI"ı əsis edib və şirkətin kommersiyalaşmasını açıq şəkildə tənqid edir. Hətta o, "OpenAI"ın nəzarət paketini almaq üçün bir qrup investorun başçılığını da edib.
Digər tərəfdən, "OpenAI" yaxın aylarda GPT-5 modelini təqdim etməyə hazırlaşır. Bu yeni süni intellekt modelinin sadəcə təkmilləşdirilmiş versiya deyil, texnologiya sahəsində inqilab olacağı gözlənilir. Bildirilir ki, GPT-5, insanların verə biləcəyi istənilən tapşırığı öyrənə biləcək və bu da onu insan təfəkkürünə daha da yaxınlaşdıracaq.
Paşa Məmmədli